Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının daha bir konserti dekabrın 18-də Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində keçirildi.

Müasir Azərbaycan bəstəkarlarının indiyədək səslənməmiş əsərlərinin ifa olunduğu musiqi axşamında solistləri Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera Orkestri müşayiət edirdi.

Konsert proqramında bəstəkarlar – Xalq artistləri Elnarə Dadaşova və Sərdar Fərəcovun, eləcə də Tahir İbişov, Fərid Fətullayev, Tural Məmmədli, Qumru İmamverdiyev, Elvin Quliyev və başqalarının vokal əsərləri səsləndi.

Xalq artisti Samir Cəfərov, Əməkdar artist Səidə Şərifəliyeva, ifaçılar İsmayıl Zeynalov, Mələk İsrafilova və Atəş Qarayevin ifaları yeni səslənən əsərlərə xüsusi gözəllik bəxş etdi.

Konsertin sonunda layihənin bədii rəhbəri Əməkdar artist Ramil Qasımov festivalın təşkilinə görə Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyinə təşəkkürünü bildirdi. O, ilk dəfə tamaşaçılara təqdim olunan əsərlərin musiqi mədəniyyətimizə yeni töhfə olduğunu vurğuladı, müəlliflərə təbriklərini çatdırdı.

***

Festivalın beşinci günü (19 dekabr) dünyaşöhrətli ifaçılar Fidan və Xuraman Qasımovalara həsr olunmuş “Sənətin işığında” adlı konsertlə yadda qaldı.

BMA-nın nəzdindəki Opera studiyasındakı konsertdən öncə tanınmış Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan musiqi mədəniyyətinin və vokal ifaçılıq sənətinin inkişafındakı xidmətlərindən, söz açdı.

Əməkdar artistlər İnarə Babayeva (vokal) və Zülfiyyə Sadıqovanın (fortepiano)  təqdimatında keçirilən konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

Proqramda A.Falconieri, V.Bellini, N.Rimski-Korsakov, S.Raxmaninov, F.Loeven, C.Puççini, Ü.Hacıbəyli, Q.Qarayev və T.Quliyevin yaradıcılığından vokal nümunələr, sonda isə “Qoy gülüm gəlsin, ay nənə” xalq mahnısı səsləndi.

Sonda Xalq artisti, professor Xuraman Qasımova səhnəyə çıxaraq İnarə Babayevanı təbrik etdi, ona təşəkkürünü bildirərək daha böyük uğurlar arzuladı.

***

Festival çərçivəsində dekabrın 19-da Milli Konservatoriya nəzdindəki Musiqi Kollecində keçirilən konsert isə görkəmli opera ifaçısı, SSRİ Xalq artisti Lütfiyar İmanovun xatirəsinə həsr olunmuşdu.

Musiqi Kolleci tələbələrinin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri, korifey sənətkarın repertuarında geniş yer tutan vokal nümunələri səsləndirildi.

Lalə
Həmidə