Əslində, başlığa çıxardığımız Bülbül vokal məktəbi ifadəsini dırnaq içində yazmaya da bilərdik. Amma səbəb başqadır: çünki biz bu gün Azərbaycan vokal məktəbinin, yəni böyük Bülbülün həm vokalçı, həm də pedaqoq olaraq təməlini qoyduğu məktəbin davamçılarından, onların uğurlarından deyil, Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının konsertindən söz açırıq.
Dekabrın 20-də festival çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Bülbül vokal məktəbi” adlı növbəti konsert oldu. Konsertin proqramı bizə xəbər verirdi ki, bu gecə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, xoru və solistləri çıxış edəcək. Hələ konsert başlamamış səhnənin önünü bəzəyən ağ qızılgüllərdən ibarət gül çələnginin üstündəki “Polad Bülbüloğludan” yazısı işarə edirdi ki, Bülbül yadigarı da konsertdə olacaq.
Yeri gəlmişkən, filarmoniya səhnəsini bəzəyən böyük, səhnə güzgüsünün sağ və sol tərəflərini boyaboy tutmuş Azərbaycan vokal sənəti təmsilçilərinin fotokollajı keçənlərə ehtiramın, yaşayanlara diqqətin, gələnlərə isə qayğının təzahürü olaraq qavranılırdı.
Orkestrin ifaçıları səhnədə öz yerlərini tutandan, birinci violin alətlərin sazlanmasına nəzarət edəndən sonra Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Xalq artisti Polad Bülbüloğlu səhnəyə çıxdı. Hər kəsi salamlayaraq “Bülbül vokal məktəbi” adlı vokal musiqisi konsertinin təşkil olunmasından məmnunluğunu bildirdi: “Deməli, Bülbülün yaratdığı vokal məktəbi yaşayır, çalışır, gənclər bu məktəbdən bəhrələnir. Mən şadam ki, Yeni il ərəfəsində Ramil Qasımovun yaratdığı və bədii rəhbəri olduğu festival var. Ramil Mobil Əhmədovun, Mobil Əhmədov isə Bülbülün tələbəsi olub. Odur ki, Ramil Bülbülün vokal sənətindəki mənəvi nəvəsi onun kimi işini davam etdirir. Bu gün dörd yüz nəfərə kimi gənc Bülbül vokal məktəbində oxumaq istəyindədir. Bu hal, məni Bülbülün oğlu, musiqiçi, keçmiş mədəniyyət naziri kimi çox sevindirir ki, klassik vokal məktəbinə belə böyük maraq var. İnanıram ki, bu məktəbdə yeni Bülbüllər, Rəşid Behbudovlar, Müslüm Maqomayevlər yetişəcək. Bir daha konsertin təşkilatçılarına dərin təşəkkürümü bildirir, sizin hamınızı qarşıdan gələn Yeni il münasibətilə təbrik edir, müvəffəqiyyətlər arzulayıram”.
Sonra festivalın bədii rəhbəri Əməkdar artist Ramil Qasımov səhnəyə çıxaraq ideyasının uğurla gerçəkləşməsində göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə, Akademik Opera və Balet Teatrının rəhbərliyinə təşəkkür etdi.
Konsertdə ilk ifa olunan əsər Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra və “Çənlibel xoru” oldu. Opera və Balet Teatrının orkestri ilə birlikdə teatrın xor kollektivi (baş xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva) də konsertdə çıxış edirdi. Dirijor teatrın musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev idi.
Sonra bir-birinin ardınca Xalq artistləri Gülnaz İsmayılova, Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Fəridə Məmmədova, Elnarə Məmmədova, Anton Ferştandt, İnarə Babayeva, solistlər Mahir Tağızadə və Taleh Yəhyayev Üzeyir Hacıbəyli, baba Müslüm Maqomayev, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov və Pikə Axundovanın operalarından ariyalar ifa etdilər.
Konsertin sonunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş solistlər, xor və orkestr üçün “Rekviyem” əsəri səsləndi. Müəllifləri tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov və şair İlqar Fəhmi olan bu əsərin ilk ifa şərəfi vokalçıların respublika və beynəlxalq müsabiqələr laureatı Atəş Qarayevə və Lalə Sultanlıya nəsib oldu.
***
Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı dekabrın 22-də Heydər Əliyev Mərkəzində “Viva, Puççini!” konsert proqramı ilə başa çatacaq.
Gülcahan Mirməmməd