Dekabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli konsert salonunda ittifaqın sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə ilə elm və incəsənət xadimlərinin yaradıcılıq görüşü keçirilib.
Tədbir musiqisi və sözləri Firəngiz Əlizadəyə aid olan “Zəfər marşı”nın səslənməsi ilə başlayıb.
Tədbirin aparıcısı Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı qonaqları salamlayaraq qeyd edib ki, bu görüş həm də bəstəkarın 2023-cü il üçün yaradıcılıq hesabatıdır.
Firəngiz Əlizadə ABİ-nin 2023-cü ildə reallaşdırdığı layihələrdən, xüsusən də Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlərdən danışıb.
Sonra o özünün yaradıcılıq hesabatı olaraq bir sıra ölkələrdə məşhur musiqiçilər tərəfindən ifa olunan əsərlərindən söz açıb. Onun bu fikirlərini təsdiq edən afişalar, konsertlərdən fotolar nümayiş olunub. Firəngiz xanım bu tarixi sənədləri şərh edərək onlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bəstəkarın çıxışından sonra Rusiya Televiziyasının “Mədəniyyət” kanalında yayımlanan “Eniqma” verilişinin Firəngiz Əlizadəyə həsr olunan buraxılışının videoyazısı təqdim olunub.
Tədbirin sonunda bəstəkar iştirakçıları maraqlandıran sualları cavablandırıb.