Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi Ankarada da qeyd olunub. Yubiley tədbirlərindən biri 22 dekabrda TÜRKSOY-un qərargahında gerçəkləşib.
Mərasimdə çıxış edən təşkilatın baş katibi Sultan Raev Azərbaycan Milli Kitabxanasının 100 illiyinin Türk dünyası mədəniyyəti üçün əlamətdar hadisə olduğunu deyib, ötən müddətdə həyata keçirilən birgə tədbirlərə görə kitabxanaya, eləcə də Azərbaycan sı Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Milli Kitabxananın direktoru Kərim Tahirov bu il TÜRKSOY-un da 30 yaşını qeyd etdiyini vurğulayaraq təşkilatla birgə bundan sonra Türk dünyası adına daha böyük layihələrə imza atılacağını deyib.
Azərbaycan Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli də Milli Kitabxananın TÜRKSOY-la birgə layihələrinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə iştirak edən Bişkek Şəhər Kitabxanasının direktoru Gülsayra Candıbayeva da Azərbaycan Milli Kitabxanasını yubiley münasibətilə təbrik edib.
Sonda baş katib Sultan Raev tərəfindən Milli Kitabxanaya TÜRKSOY-un təşəkkürnamə plaketi təqdim edilib.