Olaylar, faktlar (28–31 dekabr)

 

211 il əvvəl...

 

31 dekabr 1812-ci ildə Rusiya-İran müharibəsi (1804–1813) gedişində Şimali Azərbaycan torpaqlarında işğalçılıq yürüşünü davam etdirən rus qoşunları Lənkəran xanlığının mərkəzi olan Lənkəran qalasını ələ keçiriblər. Bununla müharibə faktiki başa çatdı. Bir il sonra Gülüstan sülh müqaviləsi (12 oktyabr 1813) ilə Naxçıvan və İrəvan xanlıqlarından savayı Şimali Azərbaycandakı bütün xanlıqlar Rusiyaya birləşdirildi.

 

128 il əvvəl...

 

28 dekabr 1895-ci ildə Parisdəki “Qran-kafe”də Lui və Ogüst Lümyer qardaşları icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk qısametrajlı filmin (“Fəhlələrin fabrikdən çıxması”) seansını təşkil ediblər. 28 dekabr Beynəlxalq Kino Günü kimi qeyd olunur.

 

105 il əvvəl...

 

28 dekabr 1918-ci ildə Bakıda ingilis hərbi kontingentinin komandanı general V.Tomson Xalq Cümhuriyyəti Hökumətini (F.Xoyskinin rəhbərlik etdiyi kabinet) Azərbaycan ərazisində yeganə qanuni hökumət kimi tanıdığını bəyan edib. Bu bəyanatdan sonra Cümhuriyyət Parlamentini boykot edən rus və erməni deputatlar parlamentdə iştirak etmək qərarına gəldilər.

 

101 il əvvəl...

 

30 dekabr 1922-ci ildə Moskvada I Ümumittifaq Sovetlər Qurultayında Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaradıldığı elan edilib. İttifaq RSFSR, Ukrayna SSR, Belarusiya SSR və ZSFSR-in (Azərbaycan, Ermənistan və Gürcüstan SSR) təsisçiliyi ilə yaradılmışdı. SSRİ-nin ali idarətemə orqanı – Mərkəzi İcraiyyə Komitəsində (sədr Mixail Kalinin) “Zaqfederasiya”nı Nəriman Nərimanov təmsil edirdi.

 

34 il əvvəl...

 

30 dekabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Gəncə şəhərinin tarixi adı bərpa olunub. Gəncə xanlığı çar Rusiyası tərəfindən işğal (1804) olunandan sonra şəhər Yelizavetpol adlandırılmışdı. 1918-ci ildə Gəncə adı bərpa edilsə də, 1935-ci ildə şəhərin adı yenə dəyişdirilərək Kirovabad olmuşdu.

 

31 dekabr 1989-cu ildə Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçiriblər. Onilliklərlə bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşublar. Bu hadisə Azərbaycan tarixinə milli həmrəylik aksiyası kimi düşdü. İki il sonra Azərbaycan Ali Sovetinin qərarı (25 dekabr 1991) ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olundu.

 

32 il əvvəl...

 

29 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına münasibətlə bağlı referendum keçirilib. SSRİ süqut edəndən sonra keçirilən ümumxalq səsverməsi formal xarakter daşıyırdı.

 

24 il əvvəl...

 

29 dekabr 1999-cu ildə Prezident Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılması haqqında fərman imzalayıb. ARDNF 2001-ci ildə fəaliyyətə başladı.

 

31 dekabr 1999-cu ildə Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin səlahiyyət müddətinin bitməsinə 6 ay qalmış istefa verib. Prezident səlahiyyətləri Rusiyanın Baş naziri Vladimir Putinə keçib.

Hazırladı: V.Orxan