Dekabrın 27-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Qazaxıstanın “Turan” etno-folklor ansamblı və Azərbaycanın “Zəfər” musiqi qrupu ilə görüş keçirildi.

Görüş Azərbaycan Gənclər Fondu, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Muzeyin direktor müavini Təranə Zeynalova tədbiri açaraq Azərbaycan xalqının qədim musiqi ənənələri, muzeydə qorunub nümayiş etdirilən qədim musiqi alətləri haqqında danışdı. Qeyd etdi ki, hər bir musiqi aləti özündə tarixin silinməz izini daşıyır. Azərbaycan ərazisində ən qədim zamanlarda musiqi alətləri mövcud olub.

“İrəli” İctimai Birliyinin layihə üzrə katibi Riad Cəbrayılov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova çıxış edərək “Turan” ansamblı haqqında danışdılar.

Çıxışlardan sonra gənclərin suallarını cavablandıran “Turan” ansamblının üzvləri ifa etdikləri qədim musiqi alətləri haqqında məlumat verdilər.

Konsert proqramında 30 qədim musiqi alətində ifa etmə bacarığına malik ansambl üzvləri Serik Nurmoldayev, Abzal Arıkbayev, Ərjiqit Əliyev, Bauırjan Bekmuxanbetov, Maksat Medubek və “Zəfər” muğam qrupunun solisti Nisbət Sədrayeva (xanəndə), Rüstəm Müslümov (tar), Elnur Salahov (kamança) və Elnur Əliyevin (nağara) ifalarında türk xalqlarının zəngin musiqiləri təqdim olundu.

Sonra qonaqlar və tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış oldular.

S.Fərəcov