30 illik ayrılıqdan sonra, 2023-cü ildə doğma sakinlərinə qucaq açan Laçında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bir-birindən maraqlı konsert proqramları və bayram tədbirləri təşkil edilib.

"Lacinema" Kino Mərkəzi musiqili və bədii tədbirlərin qeyd edildiyi məkana çevrilib. Bayram günləri ərəfəsində mərkəzdə təşkil edilən mədəni tədbirlər laçınlılar tərəfindən maraqla qarşılanıb.

Tədbirlərdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları və Laçın sakinləri iştirak ediblər.

Əvvəlcə “Lacinema” Kino Mərkəzində “Həmrəylik Günü” adlı sənədli film nümayiş olunub. Həmçinin “Laçın hekayəsi” adlı klassik musiqi axşamı keçirilib. Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, pianoçu Nazxanım Dadaşovanın təqdim etdiyi layihədə məşhur Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiya 30 illik işğal dövrünün ağrı-acısını və Zəfər təntənəsini özündə əks etdirən hekayə üzərində qurulub. Q.Vişnevskaya adına Opera Mərkəzinin solisti Nigar Cəfərovanın, beynəlxalq müsabiqələr laureatı Gülsüm Xəlilovanın ifalarında səslənən ariyalar maraqla qarşılanıb.

Konsertdən sonra çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov gənc ifaçılara təşəkkür edərək yüksək musiqi zövqü formalaşdıran belə gecələrin Laçında mütəmadi keçiriləcəyini bildirib.

Nurəddin