Elektron viza sisteminin tətbiqi turizm sektorunun inkişafını sürətləndirəcək
   
   Aprelin 1-dən Azərbaycanda elektron viza sistemi tətbiq olunur. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən reallaşdırılan yeni sistem sənədləşmənin daha asan aparılmasına, vaxta qənaət edilməsinə şərait yaradır.
   
   Yeni sistem turistə viza almaqda xeyli üstünlük verir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu günlərdə jurnalistlərə açıqlamasında prosesin daha yaxşı işləməsi üçün müvafiq tədbirlər görüldüyünü, treninqlərin keçirildiyini bildirib: «Biz bu işdə Xarici İşlər Nazirliyi ilə birgə çalışırıq. Vizanın elektron qaydada verilməsi ölkəyə gələn əcnəbilərin sayını artıracaq. Viza vermək lisenziyası olan turizm şirkətlərinin əməkdaşları müvafiq treninqlərdən keçiblər”.
   Dünya Turizm Təşkilatı da Azərbaycanda elektron viza sisteminin tətbiqini alqışlayıb. Təşkilatın baş katibi Taleb Rifainin adından yayılan məlumatda bildirilir ki, Azərbaycanın bu qərarı ölkədə turizmin inkişafına təkan verəcək. Onun sözlərinə görə, yeni sistemin tətbiqi Azərbaycana turist axınını artırmaqla yanaşı, ölkədə turizmin və ümumilikdə iqtisadiyyatın inkişafına müsbət təsir edəcək.
   
   Turizm şirkətləri razılıq edir
   
   Bəs turizm qurumları necə, yeni viza sisteminin üstünlüklərini öz fəaliyyətlərində hiss edə bilirlərmi?
   Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov yeni viza sisteminin tətbiqinin turizm şirkətlərinin işini asanlaşdırdığını bildirdi. Onun sözlərinə görə, artıq hər hansı bir ölkədən böyük turist qruplarının sifarişlərini qəbul etmək onlar üçün problem deyil: «Yeni sistemin tətbiqindən az müddət keçsə də, ölkəmizə gələn turistlərin sayında 10-15 faiz artım var. Yeni viza qaydalarından turistlər də razılıq edirlər, turizm şirkətləri də. Düşünürəm ki, bu sistemin tətbiqinin effekti haqda danışmaq hələ tezdir. Müəyyən zamandan sonra biz bunun Azərbaycana nə qədər xeyir verdiyinin şahidi olacağıq».
   «Viktori Tour» şirkətinin direktoru Vüsal Hacıyevin sözlərinə görə, artıq iki aydır ki, Azərbaycana gələn turistlər sadələşdirilmiş formada elektron qaydada viza ala bilirlər. Bu xidməti 26 turizm şirkəti göstərə bilir: «Xüsusi saytda bizə müraciət edən turist haqqında məlumatları ora daxil edirik. Həmin informasiya Xarici İşlər Nazirliyində yoxlanılır, problem yoxdursa, 15 gün ərzində elektron təsdiq alınır. Həmin razılıq turistə göndərilir, o da elektron vizanı çap edib ölkəyə daxil ola bilir. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, çox vaxt Gürcüstana gələn turistlərin əksəriyyəti Azərbaycanı da görmək istəyir. Sadələşmiş qaydada viza almaqla turist asanlıqla bu istəyinə nail ola bilir».
   Ölkəmizə Avropanın və dünyanın müxtəlif ölkələrindən turistlərin gəldiyini deyən şirkət direktoru qeyd etdi ki, indiyədək turistlərin narazı qaldığı məqam vizanın alınması ilə bağlı idi: “Artıq bu problem həll olunub. Yeni sistemin tətbiq olunduğu vaxtdan etibarən gələn turistlərin sayına nəzər saldıqda, nəzərə çarpan artımın olduğu müşahidə olunur».
   «Spektr travel» şirkətinin rəhbəri Göydəniz Qəhrəmanov da elektron vizanın həm turizm qurumlarına, həm də ölkəmizə səfərə gələn turistlərə xeyli rahatlıq gətirdiyini deyir. Onun sözlərinə görə, sistemin tətbiqinə başlanmasından ötən iki ayda ölkəyə gələn turistlərin sayında təxminən 15 faiz artım var: «Əvvəllər viza almaq üçün insanlar bir neçə proseduru keçməli idilər, çoxlu sayda sənəd toplamalı idilər. Amma indi iş yerlərindən, evlərindən internetlə müraciət etməklə, cəmi 15 gün ərzində viza ala bilirlər. Bu, təkcə turistlər üçün yox, eyni zamanda iqtisadi baxımdan ölkəmiz üçün də faydalıdır”.
   «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev isə yeni viza qaydaları tətbiq olunarkən ilk dövrdə bir sıra çətinliklərlə rastlaşdıqlarını dedi. Onun sözlərinə görə, artıq bu məsələlər aradan qalxıb: «Sifarişlərimizin sayı artır. Bu isə Azərbaycana gəlməkdə maraqlı olanların çoxluğundan xəbər verir. Təbii ki, burada yeni viza sisteminin tətbiqinin də rolu böyükdür. Əsasən Amerikadan, İtaliyadan, Böyük Britaniyadan və Almaniyadan turist səfərləri üçün sifarişlər alırıq. Düşünürəm ki, bu maraq və ölkəmizə gələn turistlərin sayı daha da artacaq».

   Fəxriyyə Abdullayeva  







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar