Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiklərimizin əsas qismini “Heydər Əliyev İli”ndə diqqətinizə təqdim etdik. Həmin silsilədən xronikanın dərcini davam etdiririk.

(əvvəli qəzetin ötənilki saylarında)

2000-ci il 14 aprel

 

Prezident Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının yekun iclasında nitqi söyləyib.

 

2000-ci il 21 aprel

 

Respublika Sarayında Xalq artistləri, Dövlət mükafatı laureatları Fidan və Xuraman Qasımova bacılarının iştirakı ilə keçirilən konsertdə olub. Konsertdən sonra Fidan və Xuraman Qasımovaları, dirijor Rauf Abdullayevi və simfonik orkestri uğurlu çıxışları münasibətilə təbrik edib, incəsənət ustaları ilə xatirə şəkli çəkdirib.

 

2000-ci il 25 aprel

 

Akademik Opera və Balet Teatrında Türk dünyasının görkəmli alimi, ictimai xadimi, Azərbaycanın böyük dostu İhsan Doğramacı və onun xanımı ilə birgə “Qız qalası” baletinin tamaşasına baxıb. Tamaşadan sonra İhsan Doğramacı ilə səhnə arxasına gələrək yaradıcı kollektivlə görüşüb. Baletmeyster Yulana Əlikişizadəyə, baletin musiqisini yenidən işləmiş bəstəkar Musa Mirzəyevə, dirijor Cavanşir Cəfərova və bütün kollektivə təşəkkür edib.

“...Türkiyədən gələn dostlarımıza bildirmişəm ki, bu baleti 1940-cı ildə bizim mərhum böyük bəstəkarımız Əfrasiyab Bədəlbəyli yazıbdır. Bu, Azərbaycanın ilk milli baletidir. Əgər Azərbaycan xalqı 60 il bundan öncə belə bir bəstəkar yetişdiribsə və belə bir milli baleti tamaşaya qoyubsa, görün, xalqımızın mədəniyyət səviyyəsi nə qədər yüksəkdir! Azərbaycan baletinin ilk balerinası Qəmər Almaszadədir. O vaxt bu tamaşanın quruluşunu Qəmər Almaszadə hazırlayıbdır. İndi həmin quruluşdur... Ancaq Musa Mirzəyev onun musiqisini bir az müasirləşdiribdir...

Mən bu baletə bir neçə dəfə baxmışam. Bu balet uzun bir fasilədən sonra yenidən səhnəyə qoyulubdur. Bu ifaçılar da, təbiidir ki, onu çox gözəl ifa etdilər.

...Bilirsiniz ki, mən sizin maaşlarınızı altı dəfə artırdım. Mən Azərbaycanda heç bir təbəqənin maaşını altı dəfə artırmamışam... Əgər belə çalışsanız, baletimizi inkişaf etdirsəniz, bir müddətdən sonra bu məsələyə yenidən baxaram, maaşınızı yenə də artıraram. Çünki bu, çox ağır sənətdir...”.

 

2000-ci il 5 may

 

“Bakılı oğlanlar” ŞHK komandasının konsertində olub. Konsertdən sonra kollektivlə görüşüb.

“...Sizi təbrik edir, yeni uğurlar arzulayıram. Sözünüzün üstündə durun, – dediniz ki, qalib gələcəksiniz. Deyiləni həyata keçirmək, verilən sözü yerinə yetirmək lazımdır. Mən buna ümid bəsləyəcəyəm. Yaxşı kollektiv yaranmışdır. Siz səhnədə düzüləndə görünür ki, çox böyük kollektivsiniz. Azərbaycanda məşhursunuz. Konsertiniz anşlaqla keçir, hamı gülür. Mən özüm o qədər güldüm ki, gözlərim yaşardı...”.

 

2000-ci il 7 may

 

Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Aydın” pyesinin yeni quruluşda tamaşasına baxıb. Fasilə zamanı görkəmli səhnə ustası, Xalq artisti Nəsibə Zeynalova və Xalq şairi Bəxtiyar Vahabzadə ilə söhbət edib. Tamaşa başa çatdıqdan sonra yaradıcı heyətlə görüşüb söhbət edib.

“...Bu gün təqdim olunan tamaşa bizim üçün iki cəhətdən əhəmiyyətlidir. Birincisi, bu tamaşa bizim böyük dramaturqumuz Cəfər Cabbarlının 100 illik yubileyinə həsr olunubdur. İkincisi də bu gözəl teatrın və ümumiyyətlə, Azərbaycanda dünyəvi teatrın yaranmasının 125 illiyinə həsr olunubdur. Bilirsiniz ki, Azərbaycan dünyəvi teatrın yaranmasının 125 illiyi və Cəfər Cabbarlının 100 illik yubileyi münasibətilə mən sərəncamlar imzalamışam. Bu yubiley mərasimləri, demək olar ki, 1998-1999-cu illərdən keçirilir... Çünki həm bizim teatrın yaranması, həm də Cəfər Cabbarlı kimi böyük bir şəxsiyyətimiz layiqdirlər ki, onların yubileyləri bir ayda yox, bir ildə yox, uzun müddətdə keçirilsin...

“Aydın” tamaşasını mən keçmiş zamanlarda da görmüşəm. Bizim böyük sənət ustalarımız Ələsgər Ələkbərovun, – gərək ki, o Fatma Qədri ilə birlikdə oynayırdı, – onların ifasında görmüşəm... Uzun bir fasilədən sonra siz yenidən bu əsərə qayıtmısınız.

Mikayıl Mirzə gərək ki, ilk dəfədir rejissorluq işinə başlayıbdır. Bu onun ilk rejissorluq əsəridir və hesab edirəm ki, bu əsər də çox uğurludur. Ona görə mən səni təbrik edirəm.

Rasim Balayev, görürəm ki, indi Dövlət bəyi oynayırsan. Nəsimidən, Babəkdən, başqalarından sonra. Ancaq hər artist, aktyor üçün hər bir rol əhəmiyyətlidir.

Bizim gənc, istedadlı insanları görürəm. Gültəkin rolunu Məleykə xanım çox gözəl, məharətlə ifa etdi. Deyə bilərəm ki, onun ifası heç Fatma Qədrinin də ifasından geri qalmır. Nurəddin Mehdixanlı Aydın rolunu çox gözəl ifa etdi.

Tamaşa çox dinamik keçdi, çox böyük enerji tələb edirdi, xüsusən baş rollarda oynayanlardan... Təbiidir ki, aktyor üçün rolunu istədiyi kimi ifa etmək hər şeydən üstündür... Mən sizin hamınızı təbrik edirəm. Sizə yeni-yeni uğurlar arzulayıram”.

 

2000-ci il 20 may

 

Xalq artisti Nəsibə Zeynalovanı qəbul edib. Söhbət əsnasında Nəsibə xanımın atası, Azərbaycanın tanınmış aktyoru Cahangir Zeynalovun xatirəsi yad olunub, onun adının əbədiləşdirilməsinin zəruriliyi vurğulanıb. Nəsibə Zeynalova mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi daimi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib.

 

Hazırladı: V.Orxan

(davamı var)