Aygün Bəylər üçün vida sözü
Bilmirəm, astrofiziklər Ayın, Günəşin, digər səma cisimlərinin səsi barədə nələri öyrənib, araşdırıb, hansı elmi nəticələrə gəliblər. Amma əminəm ki, əgər Ayın, Günəşin səsi olsaydı, onların adını öz ismində birləşdirən Aygün Bəylərin uzaqlara gedən səsini, şirin avazını eşitcək, susardılar…
Nədən buna əminəm? Dilimizdə bir ifadə var. Əsasən nağıllarda işlənilir. Bir qadının, qızın zahiri gözəlliyini çatdırmaq istəyəndə söyləyirlər ki, o qədər gözəldir ki, aya deyir, sən çıxma – mən çıxım, günəşə deyir, sən çıxma – mən çıxım. Ayla günəşi öz adında birləşdirən unikal səs tembrli, təbiətcə də, davranışca da, görkəmcə də hər kəsdən fərqli Aygün Bəylər.
Kişi qiyafəsində səhnəyə çıxdı, qısa vurulmuş saçı, beysbol papağı ilə tamaşaçıları təəccübləndirdi. Bizi inandırdı ki, səhnəyə çıxanın görkəmi deyil, səhnəyə çıxmaq səbəbi maraqlı olmalıdır: onun görkəmi ilə tərs-mütənasib olan xanımyana ifasına, ana laylası qədər şirin oxusuna o qədər alışdıq ki, aradabir qəliz saç düzümü, üzünün məsum ifadəsini dəyişəcək görkəm-libasda səhnədə görünəndə də biz çaşdıq: dəyişməyən təkcə onun oxu tərzi idi, musiqiyə, sənətə səcdə məqamında sevgisi idi.
Aygün Bəylər ağlıkəsən uşaq yaşından səhnədə, el məclislərində idi deyə, davranış incəliklərini mənimsəməyə vaxtı, hövsələsi çatmamışdı. Dəvət olunduğu televiziya proqramında onu müsahibəyə çəkəndə “oxumağım tökülür, məni az danışdır, musiqini verin” deyəcək qədər sadə xasiyyəti var idi. Sənət sevgisindən böyük sənət bacarığı, insanlara olan sevgisi, səxavəti onun xırdaca qüsurlarını ört-basdır edirdi.
…İllər öncə bir televiziya kanalında, səhv etmirəmsə, “Ay ev yiyəsi” adlı proqram vardı. Çəkiliş qrupu tanınmış hansısa sənət adamını götürüb bölgələrdəki nisbətən imkansız ailələrə qonaq gedirdi. Qrupun həmin ailəyə sponsor hədiyyəsi də olurdu, qonaq da adına görə həmin qapını əliboş döymürdü. Yadımdadır, Aygün Bəylər həmin proqramda qonaq olanda tək yaşayan ahıl qadına televizor bağışlamışdı...
Aygün şipşirin səsi ilə çox xalq mahnısına yeni həyat vermişdi, neçə bəstəkarın nəğməsini hitə çevirmişdi. Filarmoniyadakı ilk solo konserti də yadımdadır. Əslində, həmin konsert baş tutmamışdan əvvəl yaddaşlara köçmüşdü: afişa vurulandan iki gün ərzində bütün biletlər satılmışdı.
Səsinin imkanlarına görə Aygün muğamdan etno-folka, folk-cazadək nə desək, oxuya bilərdi. Muğam təhsili oxuma istedadını bir qədər də cilaladı. Musiqi ilə daha ciddi məşğul olmaq, bəstəkarlıq təhsili də almaq istəyirdi, arzusu yarımçıq qaldı…
Aygün Bəylər özü boyda ürəyi ilə, boyundan böyük səsi ilə getdi…
…Ölümündən əvvəl son konsertini oxudu. Kimyaterapiyanın görkəminə çəkdiyi sığala rəğmən, göz yaşı içində konsertini orkestrin müşayiəti ilə canlı oxudu…
Tut ağacım, tut ağacım,
Aman yerim, güman yerim.
Xatirələr qanadında
Yaşatdığım pənah yerim.
Tut ağacım, tut ağacım,
Sirli sözüm, anan yerim.
Tut ağacım, ucalığım,
De, arzuma necə çatım?..
…Yığılan məbləğini YAŞAT Fonduna köçürəcəyini demişdi. Onun hər ifası, hər çıxışı YAŞATmağa, YAŞAmağa hesablanmışdı…
Amma nə edəsən ki, amansız xəstəlik YAŞATmaq və YAŞAmaq istəyinə qalib gəldi… Onun da qisməti belə yazılıbmış...
Rəhmət diləməkdən başqa çarəmiz yoxdu…
“Mədəniyyət” qəzeti kollektivinin və Aygünsevərlərin adından ehtiramla
Gülcahan Mirməmməd