Olaylar, faktlar (5–11 yanvar)

 

232 il əvvəl...

 

9 yanvar 1792-ci ildə Rusiya ilə Türkiyə arasında 1787-ci ildə başlanan və Osmanlının məğlubiyyəti ilə nəticələnən müharibənin yekununa dair Yassı sülhü imzalanıb. Krım da daxil olmaqla Qara dənizin şimalındakı ərazilər, habelə Dnestr və Kuban çayı ətrafındakı torpaqlar Rusiyanın nəzarətinə keçib.

 

119 il əvvəl...

 

9 yanvar 1905-ci ildə Peterburqda “Qanlı bazar” qırğını baş verib. Çar II Nikolaya şikayət ərizələrini təqdim etmək istəyən minlərlə fəhlə keşiş Qaponun təhriki ilə Qış sarayına doğru irəliləyərkən qoşun hissələrinin gülləbaranı ilə qarşılanıb. “Qanlı bazar”da, müxtəlif mənbələrə görə, 2 mindən 5 minədək adam ölüb. Bu olaylar Rusiyada 1905-ci il inqilabının başlanması üçün təkan oldu.

 

104 il əvvəl...

 

11 yanvar 1920-ci ildə I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal (Paris) Sülh Konfransının Ali Şurasında Azərbaycan Xalq Cümhuriyyətinin tanınması barədə qərar qəbul olunub. Cümhuriyyət Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Qərb dairələri ilə aparılan birillik gərgin danışıqlardan sonra buna nail olmuşdu.

 

33 il əvvəl...

 

5 yanvar 1991-ci ildə Bakının Dağüstü mədəniyyət və istirahət parkında (indiki Şəhidlər xiyabanının ərazisi) 20-ci illərdə Azərbaycana rəhbərlik etmiş S.M.Kirovun heykəli sökülüb. Yarım əsrə yaxın burada “qərar tutan” abidə Azərbaycanda sosializmin təntənəsinin təcəssümü idi.

 

32 il əvvəl...

 

6 yanvar 1992-ci ildə Gürcüstanda dövlət çevrilişi baş verib. Prezident Zviad Qamsaxurdia ölkədən qaçıb.

 

***

 

8 yanvar 1992-ci ildə erməni təxribatçı dəstələri Azərbaycana qarşı daha bir terror əməli həyata keçiriblər. Türkmənistandan Krasnovodsk (Türkmənbaşı) – Bakı marşrutu ilə hərəkət edən bərədə törədilən terror aktı nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb.

 

30 il əvvəl...

 

6 yanvar 1994-cü ildə Qarabağda Ermənistan işğalçı qoşunları ilə müharibədə əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin hissələri Füzuli rayonunun Aşağı Yağlıvənd, Kərimbəyli və Şükürbəyli kəndlərini azad edib, Horadiz qəsəbəsi nəzarət altına alınıb.

 

28 il əvvəl...

 

9 yanvar 1996-cı ildə çeçen komandirlərindən Salman Raduyevin dəstəsi Dağıstanın Kizlyar şəhərinə hücum edib. Terrorçular bir neçə gün şəhəri əllərində saxlayıblar. Rusiyanın güc strukturlarının uğursuz antiterror əməliyyatı zamanı 70-dən çox insan həlak olub, Raduyevin dəstəsi isə aradan çıxa bilib. 2000-ci ildə ələ keçirilən Raduyevə ömürlük həbs kəsildi. İki il sonra o, Perm vilayətindəki həbsxanada öldü.

Hazırladı: V.Orxan