20-dən artıq tələbənin Krems Universitetinin diplomunu almaq şansı var
Azərbaycan Turizm İnstitutunda (ATİ) dördüncü məzun buraxılışı olacaq. Bu il təhsil ocağının 125-dək məzunu bakalavr diplomu, 10-dan çox məzun isə magistr diplomu alacaq.
Bu barədə qəzetimizə məlumat verən institutun prorektoru Eldar Aslanovun sözlərinə görə, 2012-2013-cü tədris ilinin dövlət imtahanına bakalavr pilləsi üzrə 149 tələbə buraxılıb: «Bu tələbələr 4 illik təhsil müddətində müvafiq kreditlərini toplayıblar. Həmçinin bir neçə nəfər də əvvəlki illərin buraxılış tələbələrindən imtahanlara qatılıb. Onlar institutu bitirdikləri illərdə dövlət imtahanından kəsilənlərdir. Qaydalara görə, onların 5 il ərzində 3 dəfə dövlət imtahanı vermək hüququ var. İmtahanlar artıq yekunlaşıb, hazırda nəticələr analiz edilir. Təxminən 120-125 nəfər tələbəmiz məzun olmaq hüququ qazanıb. 20-dək tələbə isə dövlət imtahanlarından kəsilib. Onlar Apelyasiya Komissiyasına müraciət etmişdilər. Müraciətlərinə baxıldı, nə səbəbə kəsildikləri izah edildi».
Eldar Aslanov qeyd etdi ki, iyulun 10-da institutda “Məzun-2013” mərasimi keçiriləcək.
Məlumdur ki, Azərbaycan Turizm İnstitutunun Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə birgə beynəlxalq təhsil proqramı var. Bu proqram üzrə oxuyan tələbələr sonda ATİ ilə yanaşı, Avstriya universitetinin də diplomunu alırlar. Həmsöhbətimiz bildirdi ki, bu il 20-dən artıq tələbənin ikili diplom almaq şansı var: «Bu günlərdə Krems Univesitetinin rektoru Eva Vernerin rəhbərliyi ilə nümayəndə heyəti Bakıya səfərə gələcək. Onlar ATİ-nin beynəlxalq proqram üzrə təhsil alan tələbələrinin yekun dövlət imtahanını keçirəcəklər. Bu tələbələr artıq milli proqram üzrə dövlət imtahanlarını veriblər. İyulun 8-9-da 20-dən çox tələbəmiz beynəlxalq proqram üzrə imtahan verəcək. İyulun 10-da keçiriləcək mərasimdə məzunlarımıza diplomlar təqdim ediləcək».
Prorektorun sözlərinə görə, ATİ-də turizm, menecment, marketinq, sosial iş, nəqliyyat xidməti, qida mühəndisliyi, beynəlxalq münasibətlər, muzeyşünaslıq da daxil olmaqla, 10 ixtisas üzrə həm bakalavr, həm də magistr səviyyəsində mütəxəssis hazırlanır. İnstitutda artıq magistratura üzrə də yekun dövlət imtahanları sona çatıb: «10 nəfərdən çox məzunumuz bu il magistr diplomuna sahib olacaq. Eyni zamanda bu il ilk dəfə ATİ-də fərqlənmə diplomu ilə tələbə məzun olub. Bu bizi çox sevindirir. Həmin tələbə magistratura mərhələsində təhsil alırdı. Bir məqamı da nəzərinizə çatdırım ki, indiyə qədər ATİ-dən ümumilikdə 565 nəfər tələbə məzun olub”.
Fəxriyyə Abdullayeva