Klassik mədəni irsin təbliği məqsədilə layihə həyata keçirilir

 

Xəbər verdiyimiz kimi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Xalqın mədəni sərvəti” adlı layihə keçirilir.

Əsas məqsəd regionlarda Azərbaycan klassik nümunələrini təbliğ etmək, milli-mənəvi dəyərlərimizi, folklor musiqisini müasir gəncliyə çatdırmaqdır.

Layihə çərçivəsində 8-14 yanvar tarixlərində dünyaşöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922-1984) əsərlərindən ibarət “Musiqi paradı” təşkil edilir.

Layihənin birinci günü “Gəncə Mall”da şəhərdə fəaliyyət göstərən F.Əmirov adına 1 nömrəli, Telman Hacıyev adına 2 nömrəli Uşaq musiqi məktəbləri və şəhər Uşaq incəsənət məktəbinin şagirdləri görkəmli bəstəkarın əsərlərini ifa ediblər.

Şagirdlərin rəngarəng çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, layihə hər ay yaradıcılığı ilə əbədiyaşarlıq qazanmış bir mədəniyyət və incəsənət xadiminə həsr olunacaq.