Azərbaycan

 

12 yanvar 1925 – Şair Əlisoltan (Əlisoltan Camal oğlu Ağəliyev; 1925–1982) Quba rayonunun Susay kəndində doğulub.

12 yanvar 1928 – Ədəbiyyatşünas və sənətşünas, professor Gülrux Sabir qızı Əlibəyli (1928 – 15.2.2016) anadan olub. Estetika və bədiilik məsələlərinə dair tədqiqat əsərlərinin, povestlərin müəllifidir.

12 yanvar 1940 – Xalq artisti, mahir klarnet ifaçısı Vəli Nurbala oğlu Qədimov (1940 – 15.4.2009) Bakıda anadan olub.

12 yanvar 1994 – Populyar müğənni Hüseynağa Məmməd oğlu Hadıyev (19.11.1946 – 1994) vəfat edib. “Dan ulduzu” ansamblının solisti olub.

12 yanvar 2017 – Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

12 yanvar 2017 – Əməkdar artist, kontrabas ifaçısı İlyas Hüseyn oğlu Hüseynov (22.9.1924 –2017) vəfat edib. Bakı Musiqi Akademiyasının professoru olub.

12 yanvar 2021 – Əməkdar artist İsmayıl Ələkbərov (14.9.1939 – 2021) vəfat edib. Akademik Opera və Balet Teatrının solisti olub.

 

13 yanvar 1894 – Xalq artisti Qriqori Mixayloviç Sorin (1894 – 10.1.1973) Rusiyanın Tver vilayətində anadan olub. Moskva teatrlarında çalışıb, 1946-cı ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

13 yanvar 1897 – Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 – 21.4.1938) Bakının Şüvəlan kəndində doğulub. Tarix, incəsənət, ədəbiyyata dair əsərlərin müəllifidir, ikicildlik rusca-Azərbaycanca lüğətin redaktoru olub. Xalq maarifi komissarı, Azərbaycan KP-nin 2-ci katibi vəzifələrində işləyib. Repressiya edilib.

13 yanvar 1909 – Tanınmış tarzən, xanəndə Şirulla İmanov (1909 – 4.2.1976) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub, M.Maqomayevin “Şah İsmayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Şeyx Sənan” operalarında vokal və tar ifaçısı kimi çıxış edib.

13 yanvar 1912 – Əməkdar artist, vokalçı Hacıbala Ağahüseyn oğlu Hüseynov (1912–1967) Bakıda doğulub. Opera və Balet Teatrının solisti olub. 

13 yanvar 1945 – Əməkdar incəsənət xadimi, televiziya rejissoru Məhərrəm Əlisəftər oğlu Bədirzadə (1945 – 8.4.2021) Bakıda doğulub. 1971-ci ildən çalışdığı Azərbaycan Televiziyasında çoxsaylı tamaşa və filmlərə quruluş verib.

13 yanvar 1992 – Əməkdar artist, vokalçı Kamal Həmid oğlu Kərimov (20.2.1925 – 1992) vəfat edib. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb.

13 yanvar 1999 – Xalq artisti Barat Həbib qızı Şəkinskaya (28.6.1914 – 1999) vəfat edib. Akademik Milli Dram Teatrında, Gəncə teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

13 yanvar 2001 – Əməkdar incəsənət xadimi, tanınmış heykəltaraş Eldar Heydər oğlu Zeynalov (22.8.1937– 2001) vəfat edib.

13 yanvar 2003 – Xalq artisti Mirzə Əbdülcabbar oğlu Babayev (16.7.1913 - 2003) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır” və s.) maraqlı obrazlar yaradıb.

 

14 yanvar 1923 – Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 – 2.8.1980) Bakıda anadan olub. Gənc Tamaşaçılar, Rus Dram, Musiqili Komediya teatrlarında tamaşalar hazırlayıb. Akademik Milli Dram Teatrının baş rejissoru olub. “Antoni və Kleopatra” (V.Şekspir, 1965), “Şəhərin yay günləri” (Anar, 1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb.

14 yanvar 1952 – Məşhur şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 25.3.1907 – 1952) Türkiyənin Elazığ şəhərində dünyasını dəyişib. İstiqlal ruhlu şeirlərinə görə 1930-cu ildə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilmiş, 1933-cü ildə İrana, oradan Türkiyəyə mühacirət etmişdi.

14 yanvar 1982 – Şuşa şəhərində böyük şair Molla Pənah Vaqifin məqbərəsinin və Vaqif Poeziya evinin açılışı keçirilib. Mərasimlərdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev çıxış edib.

14 yanvar 2015 – Prezident İlham Əliyev “Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

 

15 yanvar 1904 – Əməkdar artist Cabbar Əli oğlu Əliyev (1904 – 30.11.1973) Naxçıvanda doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə (“Qızmar günəş altında”, “Qaraca qız” (Piri baba), “Görüş”) çəkilib. 

15 yanvar 1907 – Aktyor, dramaturq, Əməkdar artist Məcid Baba oğlu Şamxalov (1907-1977) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. “Qayınana” komediyasının müəllifidir.

15 yanvar 1914 – Yazıçı Ənvər Yusifoğlu (Qasımov; 1914 – 4.3.1989) Yevlax rayonunda anadan olub. 30-40-cı illərdə sürgün həyatı yaşayıb. Əsərləri: “Düşmənimin düşməni” (povest), “Cərrahlar” (roman) və s.

15 yanvar 1923 – Azərbaycan Kommunist Gənclər İttifaqının (komsomol) orqanı – “Gənc işçi” qəzeti nəşrə başlayıb.

15 yanvar 1936 – Yazıçı-publisist, tərcüməçi Vaqif Musa (Vaqif Məmmədyusif oğlu Musayev; 1936–1996) Quba rayonunun Rustov kəndində anadan olub. “Bəyim çayı boyunca”, “Səhər mehi” və s. romanların müəllifidir.

 

16 yanvar 1905 – Yazıçı Üm-əl-Banin (Ümmülbanu Mirzə qızı Əsədullayeva; 1905–1994) anadan olub. Neft milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsidir. Azərbaycanın sovetləşməsindən sonra ailəsi ilə Fransaya mühacirət edib, fransız dilində yazıb: “Qafqaz günləri”, “Sonuncu ümidin çağırışı” və s.

16 yanvar 1944 – Tanınmış ədəbiyyatşünas, türkoloq, ictimai xadim Aydın Mirsaleh oğlu Məmmədov (1944 – 20.4.1991) Şəki rayonunun Kiş kəndində doğulub. Ali Sovetin deputatı olub. Deputat həmkarı Dilarə Əliyeva ilə birlikdə Qax rayonu ərazisində avtomobil qəzasında həlak olub.

16 yanvar 2013 – Prezident İlham Əliyev “Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

16 yanvar 2014 – Prezident İlham Əliyev Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

12 yanvar 1628 – Fransız nağıl yazıçısı Şarl Perro (Charles Perrault; 1628-1703) anadan olub. Əsərləri: “Çəkməli pişik”, “Zoluşka” və s.

12 yanvar 1876 – Amerika yazıçısı Cek London (Jack London – John Griffith Chaney; 1876 – 22.11.1916) San-Fransiskoda doğulub. “Martin İden”, “Dəmir daban”, “Dəniz canavarı” və s. romanların müəllifidir.

 

13 yanvar 1931 – Rus yazıçısı, kinodramaturq Arkadi Aleksandroviç Vayner (1931-2005) anadan olub. Qardaşı Georgi Vaynerlə birgə detektiv əsərlərin müəllifidir.

 

14 yanvar 1818 – Fin yazıçısı və şairi Zaxarias Topelius (1818-1898) anadan olub. “Ulduzların uşaqları” romanının müəllifidir.

14 yanvar 1895 – Başqırd ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Babiç (1895–1919) anadan olub.

 

15 yanvar 1622 – Fransız dramaturqu Jan-Batist Molyer (Jean Baptiste Poquelin; 1622 – 17.2.1673) anadan olub. Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır. Əsərləri: “Tartüf”, “Psixeya”, “Zorən təbib”, “Xəsis” və s.

15 yanvar 1850 – Rumın ədəbiyyatının klassiki, şair Mixay Eminesku (Mihai Eminescu; 1850 – 15.6.1889) anadan olub.

15 yanvar 1902 – Türk şairi, dramaturq Nazim Hikmət (1902 – 3.6.1963) anadan olub. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət edib. Məzarı Moskvadadır. Ədibin “Məhəbbət əfsanəsi” pyesinin motivləri əsasında bəstəkar Arif Məlikov balet yazıb. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəlləli iki nəfər” (“Azərbaycanfilm”), “Məhəbbətim, kədərim mənim” (“Mosfilm”) filmləri çəkilib.

15 yanvar 1931 – Dağıstanın, Rusiya Federasiyasının və keçmiş SSRİ-nin Xalq artisti, məşhur bəstəkar, dirijor, pedaqoq Murad Maqomedoviç Kajlayev (1931 – 23.12.2023) Bakıda anadan olub.

 

16 yanvar 1749 – İtalyan şairi və dramaturqu Vittorio Alfieri (1749–1803) anadan olub. Əsərləri: “Kleopatra”, “Orest”, “Aqamemnon”, “Mariya Stüart” və s.

Hazırladı: V.Orxan