Ötən əsrin birinci yarısında Azərbaycan teatr səhnəsində görkəmli sənətkarlar çalışıb. Onlardan biri də yaradıcılığının coşqun çağlarında repressiyaya məruz qalan Əməkdar artist Ülvi Rəcəb olub. O, milli teatr tariximizin unudulmaz simalarındandır. Yaratdığı obrazlar çılğınlığı, incə lirizmi və təbiiliyi ilə diqqət çəkib.

Ülvi Rəcəb oğlu Şaşıqzadə 9 yanvar 1903-cü ildə Batumi yaxınlığında Canivri kəndində dünyaya göz açır. Rəcəb bəy dövrünün açıqfikirli, geniş dünyagörüşünə malik ziyalılarından olub. Oğlunu da elmli-savadlı görmək istəyir. Onu təhsil almaq üçün İstanbula – xalasının yanına göndərir. Lakin atasının vaxtsız vəfatı Ülvinin arzularını yarımçıq qoyur. Maddi çətinlik, güzəran onu təhsildən ayırır. Bir müddət İstanbulda qalır, çörəkpulu üçün ağır zəhmətlərə qatlaşır.

1918-ci ildə Ülvi Batumi şəhərinə qayıdır. Teatr kollektivlərinə yaxınlaşır və sənətə maraq göstərir. Həmin vaxtlarda Hüseyn Ərəblinski öz truppası ilə Batumiyə gəlir. Truppa “Otello” tamaşasını göstərir. Ülvi Rəcəb də həmin tamaşaya baxır. Hüseyn Ərəblinskinin yaratdığı Otello obrazına heyran qalır. Tamaşadan sonra sakitcə Hüseyn Ərəblinskiyə yaxınlaşır. Ona qəlbində boy atan arzularından danışır, aktyor olmaq istədiyini bildirir. İş elə gətirir ki, qastrola gələn truppa üzvlərindən biri xəstələnir. Ülvi Rəcəb həmin aktyorun əvəzinə bir epizodik rolda səhnəyə çıxır. Ona tapşırılan işin öhdəsindən bacarıqla gəlir. Bu, Hüseyn Ərəblinskini məmnun edir. O, gənc Ülvini ürəkləndirərək, “sən gələcəkdə böyük aktyor olacaqsan”, – deyir.

Beləliklə, gənc Ülvi sənətdə addımlarını atır. Bir müddət sonra Tiflisdəki Azərbaycan teatrının aktyorlarından biri kimi tanınır.

Araşdırmalarda qeyd edilir ki, Tiflis Azərbaycan teatrının baş rejissoru Aleksandr Tuqanov 1924-cü ildə Bakıya dəvət edilir. İndiki Akademik Milli Dram Teatra baş rejissor təyin ediləndən az sonra Ülvi Rəcəbi də Bakıya çağırır. O, qısa vaxt ərzində istedadlı gənc kimi kollektivin sevimlisi olur. O, əvvəl-əvvəl Abbas Mirzə Şərifzadənin dublyoru kimi tamaşalarda çıxış edir. Tədricən truppada aparıcı aktyor kimi yerini tapır.

A.Tuqanov Ülvi Rəcəbin yaradıcılıq potensialına yaxşı bələd olduğu üçün onu həmişə baş rollarda görmək istəyib. O, teatrda Otello (“Otello”), Frans (“Qaçaqlar”), Dərviş  (“Şeyx Sənan”), İxtiyar (“İblis”), Soltan bəy (“Arşın mal alan”) və başqa rollarda çıxış edib.

Sənətşünaslıq doktoru, professor İlham Rəhimli unudulmaz aktyor haqda yazır: “Milli teatr tariximizdə Şeyx Sənanı incə lirizmlə oynayan ilk aktyor Ülvi Rəcəb olub. Tiflis Teatrından başlanan bu ənənəni Ülvi Rəcəb 1925-ci ildən 1937-ci ilə qədər Milli Dram Teatrının səhnəsində müxtəlif quruluşlarda daha böyük sənətkar vüsəti ilə canlandırıb”.

Ü.Rəcəb eyni zamanda Bakı Türk İşçi Teatrının hazırladığı tamaşalarda da yaxından iştirak edir. Cəfər Cabbarlının “Sevil” tamaşasında yaratdığı Balaş rolu tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bu rolda onun tərəf-müqabili Azərbaycan teatrının məşhur aktrisası Mərziyyə Davudova olub. Fatma Qədri ilə də işləyən Ülvi Rəcəb yaratdığı obrazların parlaqlığı ilə təkcə tamaşaçıların deyil, həmkarlarının da hörmətini qazanır. 1933-cü ildə onun teatr sənətindəki xidmətləri yüksək qiymətləndirilir. “Əməkdar artist” fəxri adını alır. 

Repressiya dövrünün qara yelləri əsdiyi bir vaxtlarda “Kommunist” qəzetinin 30 sentyabr 1937-ci il tarixli sayında Azərbaycan Dövlət Dram Teatrı haqqında bir məqalə dərc edilir. Yazının müəllifi isə göstərilmir. Hədəf isə bu idi: “Azərbaycan Dövlət Dram Teatrını burjua nasionalistlərinin əlaltılarından təmizləməli”. Ardınca həmin düşmənlərin siyahısı verilir. Onlardan biri də Ülvi Rəcəb olur. Onun haqqında belə yazılır: “Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam respublikanın Əməkdar artisti kimi şərəfli bir ada “nail” olmuşdur. O, xalq düşmənləri R.Axundov, Ə.Triniç, H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reaksion qəzetlər oxumuş, patefonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi Osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış gənc kadrların inkişafına mane olmuşdur”.

Bu iyrənc sözlərdən sonra Mirzəağa Əliyev, D.Saraplı, Möhsün Sənani, Fatma Qədri, Şəmsi Bədəlbəyli, R.Səidov və başqa tanınmış sənətkarların adları gəlir ki, onları da “xalq düşməni” damğası ilə, keçmiş xan və bəylərin əlaltıları kimi təqdim edirdilər...

Bundan sonra Ülvi Rəcəbin həyatında acı rüzgarlar əsir. O, 1937-ci ilin payızında həbs edilir. 1938-ci ilin yanvarında isə Bakıda güllələnir...

S.Fərəcov