Çimərliklərdə monitorinqlər davam edir
Azərbaycanda artıq yayın qızmar günləri başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu xəbər verib ki, iyul ayında Azərbaycanda havanın temperaturu iqlim normasına yaxın və hətta normadan bir qədər yüksək olacaq.
Bu, çimərlik turizmi həvəskarları üçün şad xəbər olsa da, bəzi çimərliklərdəki vəziyyət heç də ürəkaçan deyil.
Belə ki, Bakı şəhəri ərazisində yerləşən çimərliklərin 2013-cü il yay mövsümünə hazırlığı ilə əlaqədar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi ilə birlikdə monitorinq keçirilib.
Səhiyyə Nazirliyinin rəsmi saytında verilən məlumata görə, müayinələr zamanı müəyyən edilib ki, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərliklərinin sanitariya mühafizə zolaqlarında dəniz suyunun intensiv çirklənməsi halları hələ də davam etməkdədir. Şıx çimərliyinin sanitariya-mühafizə zolağına Bibiheybət, Badamdar, 20-ci yaşayış sahəsi ərazilərindən və digər tərəfdən, Lökbatan qəsəbəsi istiqamətində təsərrüfat-məişət çirkab suları, Sahil çimərliyinin mühafizə zolağına isə Sahil təmizləyici qurğular stansiyasında təmir-yenidənqurma işləri başa çatdırılmadığından təmizlənməmiş çirkab suların axıdılması dəniz suyunun bakterioloji çirklənməsinə səbəb olub. Laboratoriya müayinəsində Şıx və Qaradağ rayonunun Sahil çimərliklərində bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olduğu müəyyən edilib.
Laboratoriya müayinələri zamanı Mərdəkan-Şüvəlan, Novxanı, Buzovna, Zağulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji keyfiyyət göstəricilərinin norma səviyyəsində olduğu aşkarlanıb.
«Sanitariya-Epidemioloji Salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, Şıx çimərliyinin, Qaradağ rayonunun Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qəbul edilmiş 07.06.2010-cu il tarixli qərar qüvvədə saxlanılıb.
Fəxriyyə