Naxçıvan MR Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Naxçıvan qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə yanvarın 10-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında xeyriyyə konserti keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Prezidentin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxışında şəhid ailələri, qazilər, müharibə veteranları ilə keçirilən bu cür görüşlərin əhəmiyyətini qeyd edib.
Vətən müharibəsi şəhidi Şükür Hacıyevin anası Fatma Şükürlü konsertin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı, rəqs kollektivləri çıxış edib. Nurlan Ordubadlı və Elvin Nasir vətənpərvərlik ruhunda mahnılar oxuyublar.