Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Tariximiz qürurumuzdur” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi Baloğlan Əhədlinin doğum gününə həsr olunmuş “Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir” adlı anım mərasimi keçirilib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində şəhidin şəxsi əşyaları və fotoşəkillərindən ibarət sərgi ilə tanış olublar.
Çıxış edənlər Vətən yolunda canından keçib şanlı tarix yazan qəhrəmanlarımızın qəlblərdə yaşayacağını bildiriblər. Şəhidin valideynləri və döyüş yoldaşları Baloğlan Əhədli ilə bağlı xatirələrini bölüşüblər.
Bədii hissədə B.Əhədlinin vaxtilə təhsil aldığı Lənkəran rayon Gəgiran kənd tam orta məktəbi şagirdlərinin ifasında şəhidə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib, videoçarx izlənilib.
Qeyd edək ki, Baloğlan Əhədli 2002-ci il yanvarın 10-da Gəgiran kəndində anadan olub. Vətən müharibəsi zamanı Şuşa istiqamətindəki döyüşlərdə şəhid olub. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, Qubadlı, Füzuli və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.