Yanvarın 10-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində “Daha bir Yeni il” müəllif layihəsi keçirilib. Tədbirin təşkilatçısı və gecənin solisti violonçel ifaçısı, Dövlət Simfonik Orkestrinin artisti Nərgiz Manaflıdır.
Konsertdə gənc musiqiçilər dünya estradasının klassik əsərlərini və məşhur Yeni il kompozisiyalarını ifa ediblər.
Səhnədə Nərgiz Manaflıdan başqa vokalçılar Leys İzzi və Meq Əsəd, pianoçu Nigar Əsədullayeva və nağara ifaçısı Arif İmanov çıxış ediblər. Proqramda Cövdət Hacıyev adına 3 nömrəli Musiqi məktəbinin “Divizi” xorunun gənc artistləri (bədii rəhbər Aytən Cəfərova) və “Kristal şou” rəqs qrupunun rəqqasları (bədii rəhbər Liana Azurova) da iştirak ediblər.