Azərbaycan

 

17 yanvar 1922 – Tağıyev teatrında (indiki Akademik Musiqili Teatrın yerində) təmir-bərpadan sonra (bina 1918-ci il hadisələrində yandırılmışdı) Azərbaycan Dövlət Dram Teatrının ilk tamaşası – M.F.Axundzadənin “Hacı Qara” komediyası göstərilib. Təntənəli açılış gecəsində dövlət rəsmiləri (xalq maarif komissarı Dadaş Bünyadzadə) ilə bərabər, teatrın binasının keçmiş sahibi Hacı Zeynalabdin Tağıyev də iştirak edib.

17 yanvar 1926 – Tanınmış şairə Mədinə Gülgün (Mədinə Nurulla qızı Ələkbərzadə; 1926 - 17.2.1991) Bakıda anadan olub. 1938-ci ildə ailəsi Cənubi Azərbaycana köçüb, orada milli azadlıq hərəkatının (1941-1946) iştirakçısı olub. 1947-ci ildə Bakıya gəlib. “Təbrizin baharı”, “Xatirələrimin nəğməsi”, “Dünyamızın sabahı” və s. kitabların müəllifidir.

17 yanvar 1929 – Azərbaycan milli teatrının ilk peşəkar aktyorlarından Mirzə Muxtar Məmmədov (1841-1929) vəfat edib. Şuşada doğulub, 1874-cü ildə Şuşada M.F.Axundzadənin “Hacı Qara” komediyasının tamaşasına quruluş verib, müxtəlif truppalarda aktyorluq edib.

17 yanvar 1942 – Musiqişünas, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Səadət Ağaməmməd qızı Seyidova (1942–2020) Bakıda doğulub.

17 yanvar 1992 – Azərbaycan Ali Sovetinin Milli Şurası 20 Yanvarın “Şəhidlər günü” elan olunması haqqında qanun qəbul edib.

17 yanvar 2019 – Prezident İlham Əliyev “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.

 

18 yanvar 1925 – Tarixçi alim, pedaqoq Qasım Səfər oğlu Qasımov (1925 – 2.11.1991) anadan olub.

18 yanvar 1927 – Xalq artisti, dirijor Kamal Cahanbaxış oğlu Abdullayev (1927 – 5.12.1997) anadan olub. Akademik Opera və Balet Teatrında çalışıb.

18 yanvar 1928 – Musiqişünas, sənətşünaslıq doktoru, Əməkdar elm xadimi Ağa Əhməd İsa oğlu İsazadə (1928–2007) anadan olub.

18 yanvar 1941 – Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor, ssenarist Eldar Tofiq oğlu Quliyev (1941 – 16.4.2021) Bakıda doğulub. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi” və s. filmlərə quruluş verib. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

18 yanvar 1983 – Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 27.8.1921 – 1983) vəfat edib. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək” və s. pyeslərin müəllifidir.

18 yanvar 2002 –  Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Cövdət İsmayıl oğlu Hacıyev (18.6.1917 – 2002) vəfat edib.

18 yanvar 2018 – Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb.

 

19 yanvar 1873 – Azərbaycanın ilk maarifçi qadınlarından Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873 – 6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarındandır. Ömür-gün yoldaşı C.Məmmədquluzadənin bioqrafiyasını yazıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib.

19 yanvar 1923 – Əməkdar incəsənət xadimi, rəssam Cavad Mirhaşım oğlu Mircavadov (1923 – 24.6.1992) Bakıda anadan olub. Əsərlərində şifahi xalq ədəbiyyatı personajlarına geniş yer verib. Əsərləri: “Şərq miniatürü mövzusunda improvizasiya” silsiləsi, “Toy”, “Şaman-qadın” və s.

 

19 yanvar 1931 – Xalq artisti Aydın Ağa oğlu Şahsuvarov (1931 – 2.6.1986) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

19 yanvar 1943 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Tərlan Əşrəf oğlu Seyidov (1943 – 1.2.2023) anadan olub. BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktoru olub.

19 yanvar 1980 – Əməkdar artist Məmməd Abbasqulu oğlu Cəfərov (1912–1980) vəfat edib. Gəncə Dram Teatrında aktyor, Gəncə Dövlət Filarmoniyasında direktor işləyib.

 

Dünya

 

17 yanvar 1863 – Rus teatrşünası, rejissor, pedaqoq Konstantin Sergeyeviç Stanislavski (Alekseyev; 1863-1938) anadan olub.

17 yanvar 1933 – İtalyan əsilli Fransa müğənnisi Dalida (İolanda Kristina Cilotti – Yolanda Christina Gigliotti; 1933-1987) Misirdə doğulub. Fransız və ərəb dillərində populyar mahnılar oxuyub.

 

18 yanvar 1689 – Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Secondat, Baron de La Brede et de Montesquieu; 1689-1755) anadan olub.

18 yanvar 1882 – İngilis yazıçısı, uşaqlar üçün məşhur “Vinni Pux” əsərinin müəllifi Alan Aleksandr Miln (Alan Alexander Milne; 1882-1956) anadan olub.

 

19 yanvar 1809 – Amerika yazıçısı və şairi Edqar Po (Edgar Allan Poe; 1809-1849) anadan olub. Ədəbiyyatda detektiv-fantastik janrın yaradıcısı sayılır. Bir çox hekayə və novellaları (“Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qara pişik”, “Qarğa” və s.) əsasında filmlər çəkilib.

19 yanvar 1839 – Fransız postimpressionist rəssamı Pol Sezan (Paul Cezanne; 1839-1906) anadan olub.

19 yanvar 1865 – Rus rəssamı, portret janrının ustası Valentin Serov (1865-1911) anadan olub.

Hazırladı: V.Orxan