Almaniya Federal Hökuməti ölkədə 18 yaşı tamam olan hər kəsə mədəniyyətlə təması təşviq etmək üçün 200 avro vəsait ayırıb. Bu məqsədlə hazırlanan “KulturPass” internet tətbiqi 2023-cü ildə istifadəyə verilib və bu il də aktiv olacaq.
Yanvarın 1-dən etibarən il ərzində 18 yaşı tamam olan (2006-cı il təvəllüdlü) gənclər “KulturPass” platformasında qeydiyyatdan keçə və bu vəsaitdən istifadə edə bilərlər. Seçim imkanı kifayət qədər genişdir. Proqramla bağlı təkliflərə konsertlər, teatr və kino nümayişləri, eləcə də muzeylərə, sərgilərə və ya mədəniyyət parklarına biletlər, kitablar, səs yazıları və ya musiqi alətləri daxildir.
Aktivləşdirilmiş “KulturPass” büdcəsi il ərzində istifadə edilə bilər. Qeydiyyat yerli (ölkədaxili) mədəniyyət provayderləri ilə məhdudlaşır. Onlayn poçt sifarişi şirkətləri, axın (streaming) platformaları və oyunlar istisnadır. Yəni layihənin hədəfi ölkə mədəniyyətidir.
“Mədəniyyət keçidi” təkcə gənclərə deyil, həm də mədəniyyət ocaqlarına dəstək olmaq üçün nəzərdə tutulub. Pandemiya zamanı və sonrası ciddi izləyici auditoriyası itkisinə məruz qalan mədəniyyət qurumlarının buna ehtiyacı var.
Layihə ilə bağlı verilən məlumata görə, 14 iyun 2023-cü ildən aktiv olan “KulturPass” tətbiqi ilin sonunadək 285 mindən çox 18 yaşlı yeniyetmə tərəfindən istifadə edilib və 1 milyondan çox rezervasiya olunub. Ən populyar istifadə sahəsi kitablardır, ondan sonra festival, konsert, teatr və kino ziyarətləri gəlir.
Mədəniyyət və media üzrə dövlət naziri Klaudiya Rot deyib: “Biz görürük ki, “KulturPass” işləyir və nəzərdə tutulan effekti verir. Gənclərin öz yerli mədəniyyət səhnələrini kəşf etmələrini asanlaşdırmaq məqsədi daşıyan pilot layihə onların təşəbbüsü əsasında həyata keçirilir”.
Nazir diqqətə çatdırıb ki, bu layihə ilə hökumət artıq “Mədəniyyət keçidi” tətbiq etmiş digər Avropa ölkələrindən nümunə götürür. Almaniya Bundestaqı pilot layihə üçün 100 milyon avro ayırıb.
Qeyd edək ki, bənzər layihələr bir sıra ölkələrdə, o cümlədən şimal qonşumuzda həyata keçirilir. Rusiya Federasiyası Hökumətinin 2022-ci ildən başlatdığı “Puşkin kartı” layihəsi daha geniş auditoriya – 14-29 yaş arasında gənclər üçün nəzərdə tutulub. 5 min rubl (təxminən 100 manat) məbləğində kart gənclərə kino istisna olmaqla əksər mədəniyyət (teatr, konsert, sərgi, muzey və s.) müəssisələrinə bilet almaq imkanı verir.
V.Kamal