Milli Kitabxananın dövri mətbuat arxivindən...
Mətbu səhifələrdən seçmələrdə bu dəfə “Mədəniyyət” qəzetinin sələfi sayıla bilən “Ədəbiyyat və incəsənət”in 1957-ci il (redaktor Süleyman Rüstəm) və “Azərbaycan gəncləri” qəzetinin 1961-ci il (redaktor Cəmil Əlibəyov) yanvar saylarını gözdən keçirdik.
Yazıçılar İttifaqının Gənclər bölməsində
Məşğələdə Fikrət Qocayevin “Doymadı”, “Təbriz küçələri”, “Ata”, Telman Şirinovun “Düşündüm”, “Könül nəğməsi”, Vaqif Nəsibovun “Sizə bahar yaraşır”, İxtiyar Əhmədovun “Talış dağı”, Brilliant Abdullayevanın “Bir bahar axşamı”, Həmid Abbasovun “Çiyələk”, “Sən Vurğuna vurulmusan”, Cəfər Cəfərovun “Deyim” adlı şeirləri, Gündüz Abbasovun “Mənim başımı qırxarkən dəllək Vərdişəlinin başına gələn əhvalat” adlı satirik hekayəsi oxunub müzakirə edilmişdir.
Müzakirədə çıxış edənlərdən Məmməd İbrahimov, Firudin Ağayev, İlyas Tapdıqov, Tofiq Bayramov, Kələntər Kələntərov və başqaları göstərmişlər ki, Fikrət Qocayevin “Doymadı” şeiri müvəffəqiyyətlidir. “Ata” və “Təbriz küçələri” şeirləri isə konkretlikdən və bədii fikirdən məhrum olduqlarına görə zəif çıxmışdır.
Çıxış edənlər qeyd etdilər ki, T.Şirinovun “Düşündük”, “Könül nəğməsi”, C.Cəfərovun “Deyim” adlı şeirləri bəzi ifadə nöqsanları olsa da müvəffəqiyyətlidir. V.Nəsibovun “Sizə bahar yaraşır”, B.Abdullayevanın “Bir bahar axşamı”, H.Abbasovun “Sən Vurğuna vurulmusan” şeirləri isə ayrı-ayrı qüvvətli misraların olmasına baxmayaraq mövzu bədii yüksəkliyə qaldırılmamışdır.
Çıxış edənlər Gündüz Abbasovun “Mənim başımı qırxarkən dəllək Vərdişəlinin başına gələn əhvalat” adlı satirik hekayəsinin müvəffəqiyyətli olduğunu qeyd etdilər.
“Gənc heykəltəraş”
Bu günlərdə gənc heykəltəraş Mirəli Mirqasımovun adına Varşavadan məktubla birlikdə hədiyyə göndərilmişdir. Məlum olduğu kimi, M.Mirqasımov gənclərin V Ümumdünya festivalında mərmərdən düzəltdiyi qız heykəli ilə iştirak etmişdi. Həmin heykəl üçün Mirəli Mirqasımova üçüncü dərəcəli diplom və bürünc medal verilmişdi.
Əməkdaşımız heykəltəraş Mirəli Mirqasımovdan yeni yaradıcılıq planları haqqında məlumat verməyi xahiş etmişdir. Mirqasımov demişdir: “Gənclərin V Ümumdünya festivalında qazandığım müvəffəqiyyət məni yeni yaradıcılıq işinə ruhlandırır. Bu il “Rəfiqələr” adlı heykəl kompozisiya üzərində işləyəcəyəm. Həmin heykəldə iki gənc qızın – azərbaycanlı və rus qızının dostluğunu ifadə etməyi nəzərdə tuturam. Bundan başqa, respublikamızın gənclərinə həsr etdiyim “Gənclik” kompozisiyasını və bir neçə idman ustasının portretini yaratmaq fikrindəyəm. Ən yaxşı heykəllərimlə mən bu il Moskvada keçiriləcək Ümumdünya festivalında iştirak etməyə çalışacağam”.
“Ədəbiyyat və incəsənət” qəzeti,
20 yanvar 1957-ci il
***
Yeni xalq teatrı
Ağdaş rayonunda yeni xalq teatrı açılmışdır. Teatrın açılışı günündə rayon partiya komitəsinin katibi Rəsulov, habelə Respublika Xalq Yaradıcılığı Evinin nümayəndələri F.Aşurov və S.Axundov yoldaşlar çıxış edərək xalq teatrının kollektivini təbrik etmiş, onlara gələcək yaradıcılıq işlərində müvəffəqiyyətlər arzulamışlar.
Rəsmi hissədən sonra xalq teatrının kollektivi yazıçı Səttar Axundovun “Məhəbbət nişanəsi” adlı komediyasını göstərmişdir.
Maraqlı mühazirə
Ü.Hacıbəyov adına Ağdam orta musiqi məktəbində “XIX əsrin Qarabağ xanəndələri” mövzusunda maraqlı mühazirə təşkil edilmişdir. Mühazirəni Respublika Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin üzvü Firudin Şuşinski oxumuşdur. Mühazirənin gedişində əyani vasitə olaraq, bir sıra məşhur xanəndələrin səsi yazılmış qrammofon vallarından istifadə edilmişdir.
“Azərbaycan gəncləri” qəzeti,
6 yanvar 1961-ci il