Xəbər verdiyimiz kimi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Xalqın mədəni sərvəti” adlı layihə həyata keçirilir.
Layihə çərçivəsində 8-14 yanvar tarixlərində gerçəkləşən dünyaşöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun əsərlərindən ibarət “Musiqi paradı” başa çatıb.
“Musiqi paradı”nın bağlanış mərasimində qonaqlar əvvəlcə Gəncə filarmoniyasının foyesində gəncəli gənc rəssamların F.Əmirova həsr olunmuş rəsm əsərlərindən ibarət sərgisi ilə tanış olublar.
Layihənin ideya müəllifi və bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov 7 gün davam edən “Musiqi paradı”nda ümumilikdə 4000-ə yaxın musiqiçinin iştirak etdiyini deyib. O, Gəncə torpağının yetişdirdiyi istedadların gələcəkdə mədəniyyətimizin inkişafına böyük töhfələr verəcəklərinə inandığını bildirib.
Tədbirin bədii hissəsində Gəncə, Naftalan, Goranboy, Daşkəsən və Samuxda fəaliyyət göstərə uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri görkəmli bəstəkarın əsərlərini səsləndiriblər.
Xatırladaq ki, layihə hər ay yaradıcılığı ilə əbədiyaşarlıq qazanmış bir mədəniyyət və incəsənət xadiminə həsr olunacaq.