Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı bu il ikinci dəfə keçirilir.
Yanvarın 16-da Rəşid Behbudov adına Mahnı Teatrında festivalın açılış mərasimi olub.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, birinci festivalın uğurlu alınması bu işi davam etdirməyimizə şərait yaradıb. Federasiyaların bu festival üçün layihələr hazırladığını söyləyən Ç.Hüseynzadə tarixi qələbələr qazanan azərbaycanlı idmançılarla bağlı gələcəkdə bədii filmlərin çəkilməsinin önəmini də vurğulayıb.
Azərbaycan Cüdo Federasiyası icraiyyə komitəsinin üzvü Azər Əsgərov çıxışında festivalın uğurlu olacağını söyləyib.
Festivalın münsiflər heyətinin sədri, Olimpiya çempionu, MOK və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova, münsiflər heyətinin üzvləri – Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev, “Bakılı oğlanlar” ŞHK komandasının üzvü Ənvər Mansurov, Əməkdar mədəniyyət işçisi, jurnalist Xanlar Məmmədov festivalın uğurlu olacağını və gələcəkdə buna uyğun digər layihələrin həyata keçirilməsinə təkan verəcəyini deyiblər.
Sonra sərbəst güləş üzrə Olimpiya və Avropa Oyunlarının, eləcə də Avropa çempionatının qalibi Toğrul Əsgərovla bağlı film nümayiş olunub.
Xatırladaq ki, ilk dəfə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan festival 2022-ci ildə təsis edilib.
Festival müxtəlif idman növlərinin populyarlaşdırılması, sağlam həyat tərzinin və Olimpiya Hərəkatı prinsiplərinin təbliği, mədəni maarifləndirmə və yaradıcı insanlar arasında təcrübə mübadiləsi imkanlarının yaradılması, idmanla bağlı film və proqramların nümayişini təşkil etməklə bütün sosial təbəqələrin yerli televiziya və kinematoqrafiya mədəniyyəti dəyərlərinə geniş çıxışının təmin olunması məqsədi daşıyır. Festivalın 5 nominasiyasından ikisi qadın idmançılara həsr olunub.