Niyazi haqqında kitablar təqdim olunub

 

Yanvarın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində “Niyazi xatirələrdə” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəfdər Hüseynovun “Sadəcə, Niyazi” kitablarının təqdimatı olub.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək hər iki kitabın musiqi ictimaiyyəti üçün bir töhfə olduğunu söyləyib.

Qeyd edib ki, “Niyazi xatirələrdə” kitabında dünyaşöhrətli dirijor, bəstəkar haqqında 1987-ci ildə rus dilində işıq üzü görən “Maestro Niyazi. Xatirələr, məqalələr, məktublar” kitabının (tərtibçilər Həcər Hacıbəyova və Əsildar Hüseynov) “Xatirələr” bölməsinin dilimizdə ilk dəfə tərcüməsi təqdim olunur.

“Sadəcə, Niyazi” kitabının müəllifi Əlisəfdər Hüseynov görkəmli sənətkarın ömür və sənət yolunun maraqlı məqamları haqqında söz açıb. Bildirib ki, kitabda istedadı və peşəkarlığı ilə musiqimizi yeni zirvələrə yüksəldən böyük maestronun həyat və sənətinə nəzər salınır.

Digər çıxış edənlər Niyazinin həyat və yaradıcılığından bəhs ediblər. Vurğulanıb ki, milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Maestro Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində müstəsna xidmətlər göstərib.

Çıxışlar muzeyin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Bədii hissədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova və vokalçı Sevinc İbrahimovanın ifalarında Niyazinin əsərləri səsləndirilib.

Sonda Niyazinin qohumu Sahib Qədimov tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.