O günləri birlikdə yaşadığım dostlarla indi də görüşəndə, hansısa epizodu mütləq yada salırıq...
19 yanvar 1990. Şəhər qaynayırdı. Müxtəlif şayiələr gəzirdi: “filankəsi vurdular”, “filankəsi tutdular”, “filankəslər Moskvaya qaçıblar”, “sovet-rus ordusu qırğın törətməyə hazırlaşır”, “Səttarxan zavodunda silah paylanılır”... Sinif yoldaşım və elə o vaxtlardan dostum Pərvizlə (riyaziyyat üzrə fəlsəfə doktoru Pərviz İsmayıl indi NEP mühəndislik şirkətinin rəhbəridir) qərara gəldik ki, bunların yalan, ya gerçək olmasını öyrənmək üçün, sonra isə ssenari müəllifi, aparıcısı olduğum və Pərvizin də iştirak etdiyi “Çərşənbə axşamı” (Azərbaycan Televiziyası) verilişində həqiqətləri xalqa göstərmək üçün plandankənar çəkilişlər edək. Hələ gündüz saatlarından Pərvizin boz “QAZ-24”-ü ilə düşdük şəhərin küçələrinə...
Axşam vəziyyət lap gərginləşdi. Artıq qoşunlar müxtəlif istiqamətlərdən Bakıya daxil olmuşdu. Havadan qan qoxusu gəlirdi. Şəhərdə çəkiliş apardığımızı görənlər bizi istiqamətləndirirdilər. Kimsə dedi ki, “Olimp” mağazasının qabağında 2 dinc sakini güllələyiblər. Biz ora gələndə hələ gecə saat 12 olmamışdı. Yerdəki qan izlərini, mağazanın vitrin şüşəsində güllə izlərini və dükanın içindəki elektron saatı çəkdik. Doğru xatırlayıramsa, saat 23:40-ı göstərirdi. Halbuki komendant saatı gecə saat 12-dən etibarən elan olunmuşdu, Qorbaçov və əlaltıları həmin saatadək guya atəş açılmadığını deyirdilər.
Sonra Pərvizlə yaxındakı Xəzər Gəmiçiliyinin (“Kaspar”) xəstəxanasına gəldik, ilk şəhidləri orda gördük... və çəkdik. Şəhidlər arasında sinəsindən güllələnmiş yeniyetmə qız da vardı. Qızcığazın şokda olan anası xəstəxananın dəhlizində heç kəsi özünə yaxın buraxmayaraq əsəbi halda öz-özünə danışırdı... Videokameranı kənara qoyub onu qucaqlayıb ağlatdıq. Özümüz isə hisslərimizi tam səfərbər etmişdik, bizə ağlamaq olmazdı, biz işləməli idik. Yanvarın 20-si başlamışdı.
Hər 2-3 saatdan bir videokameranın batareyasını dəyişmək üçün və yeni videokasetlər götürmək üçün (kasetləri tez-tez dəyişirdik ki, əgər bizi vursalar, ya tutsalar, çəkdiklərimiz ələ keçməsin) qısaca “ştab” (qərargah) adlandırdığımız yerə gəlirdik. Ştab – komsomolun (LKGİ) Mərkəzi Komitəsinin (MK) bir şöbəsi, Tələbə və gənclərin əmək birliklərinin Respublika Qərargahının (TGƏB RQ) binasında idi. Rəhbəri olduğum və əsasən “Cəngi” birliyinin üzvlərindən ibarət olan Respublika Gənclik Mərkəzi də o binada yerləşirdi. LKGİ MK-nın şöbələrinin də işçiləri ştaba toplaşırdılar, hamı bizə kömək edirdi. Kimsə yeni videokaset tapıb gətirirdi, kimsə çəkdiklərimizin surətini çıxartmağı təşkil edirdi, kimsə öz maşınından benzin çəkib “QAZ-24”-ə tökürdü, kimsə aclığımızı ayaqüstü “öldürmək” üçün kolbasa-çörək düzəldirdi...
20 yanvar səhər saat 7-də MK-nın İdeoloji şöbəsinin müdir müavini Sadıx Nəbiyevlə (hazırda AMEA-da işləyir) hazırladığımız müraciəti, baş verənlər haqda bəyanatları və qısa xəbərləri Qafqaz komsomol məktəbinin direktoru Hüseyn Bağırov (sabiq ekologiya və təbii sərvətlər naziri) redaktə edirdi, Gənclər təşkilatları komitəsinin rəhbəri Fəxrəddin Qurbanov (müstəqillik illərində tanınmış diplomat idi, keçən il dünyasını dəyişdi) ingilis dilinə tərcümə edirdi, TGƏB RQ-nin rəhbərləri Yusif Eyyubov (xaricdə yaşayır, iş adamıdır) və İlqar Abbasov (hazırda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısıdır) beynəlxalq telefon xətti və teleks vasitəsilə bu məlumatların xarici ölkələrdəki gənclər təşkilatlarına, tanınmış ictimai xadimlərə, iş adamlarına və tapa bildiyimiz ictimai əhəmiyyətli digər xarici ünvanlara yayılmasını təşkil edirdilər. Türkiyədə tanıdıqlarımız kimlər var idisə, onlarla İlqar əlaqə yaradaraq, olanları çatdırırdı.
Müraciəti yaydığımız ünvanlardan biri də Azadliq Radiosunun azərbaycanca yayımının redaktoru və aparıcısı rəhmətlik Mirzə Xəzər idi. Mirzə Xəzərlə bir neçə dəfə telefon danışığımız olmuşdu. Müraciətimizin mətnini ona necə həyəcanla oxumağımı yaxşı xatırlayıram. “Gənc həmvətənlilər! Azərbaycan xalqının bu gərgin, faciəli günlərində sizə müraciət etməyi özümüzə borc bilirik. Xalqımızın iradəsinə qarşı onun ərazisində fövqəladə vəziyyət elan edilməsi, dinc əhaliyə atəş açılması və yüzlərlə günahsızın həlak olması bizə qarşı Moskva və onun əlaltıları tərəfindən açıq təcavüzdür...”.
Bizi xariclə calaşdıran telefonçu qızların necə ağladıqları yadıma düşdükcə, üstündən 34 il keçsə də, yenə kövrəlirəm...
O gecə Pərvizlə çox gərgin şəraitdə çəkilişlər etdik. Səhərə yaxın ştaba qayıdanda artıq orada xeyli adam vardı. Hamı çox nigaran idi, bizdən xəbər gözləyirdilər. Qısaca “bizi qırırlar” dedim və ağlamaq məni tutdu... İlqar bizi öz otağına apardı, çay-su içib bir az özümüzə gəldik. Sonra İlqar: “Sən burda qal, müraciətlə, xaric üçün materiallarla məşğul ol, mən Pərvizlə çəkilişə gedərəm”, – dedi.
İlqar Abbasov boz “QAZ-24”-ün sükanı arxasına keçdi. Pərviz İsmayıl videokamera ilə onun yanında oturmuşdu və çəkiliş edirdi. Yusif Eyyubov və Gənclik Mərkəzində baş mühasibimiz olan Nazim Piriyev də onlara qoşuldular, arxa oturacaqda əyləşmişdilər, əsas işləri ətrafı diqqətlə izləyib, təhlükə yaranarsa, onları xəbərdar etmək və avadanlıqdan istifadədə (o vaxt videokaset kameranın içində olmurdu, kamera ayrıca bir videomaqnitofona qoşulurdu) Pərvizə kömək etmək idi.
Salyan kazarmasının aşağı girişi tərəfdə çəkiliş edərkən Nazim görür ki, yaxındakı binanın damında yerləşmiş atıcılardan biri Pərvizi nişan alıb. Bunu Pərvizə deyəndə, əksinə, Pərviz kameranı dama tərəf yönəldib o atıcını çəkmək istəyir və bu vaxt atəş açılır. Tez özlərini boz maşına atırlar, amma atəş davam edir və atılan güllələrdən biri maşının damını deşib sükan arxasındakı İlqarı sağ böyründən yaralayır. Buna baxmayaraq İlqar çəkiliş qrupunu tez oradan uzaqlaşdıra bilir.
Ştaba gələn kimi İlqar tez paltosunu çıxartdı və gördük ki, xoşbəxtlikdən yara dərin deyil. Güllə “QAZ-24”-ün qalın dəmir banından keçərkən zərbə gücü zəifləmişdi.
İlqar Abbasov yaralanandan sonra boz “QAZ-24”-lə çəkilişə getmək artıq çox təhlükəli idi, çünki artıq hərbçilər tərəfindən nəzarətə götürülmüşdü. Vəziyyəti belə görən “Kaspar” xəstəxanasının rəhbərliyi bizə təcili yardım maşını ayırdı və tibb işçilərinin geyimlərini verdi. Həm yaralıları daşıyırdıq, həm də çəkiliş edirdik. Amma tezliklə hərbçilər duyuq düşdülər və təcili yardım maşınını da atəşə tutdular. Deşik-deşik olmuş o maşın yaxın illərə qədər xəstəxananın həyətində o günlərin yadigarı kimi saxlanılırdı...
Bakıda ağalıq edən sovet-rus hərbi komendaturası yanvarın 20-də günortadan sonra bütün ölkə üzrə telefonların beynəlxalq xəttə çıxışını ləğv etdi. Mərkəzi Poçt da zəbt olunmuşdu. Axşama yaxın isə hərbçilər duyuq düşüb ştabdakı teleksi də bağladılar. Dilxor olmuşduq. Nə edəcəyimizi bilmirdik.
Ştaba gəlib-gedənlər arasında “Sputnik” gənclik turizm agentliyinin rəhbərləri Füzuli Ələkbərov (sabiq əmək və əhalinin sosial müdafiəsi naziri) və Matvey Elizarov da (hazırda tanınmış iş adamı və Dağ yəhudilərinin Ümumdünya konqresinin vitse-prezidentidir) vardı. İlqar Abbasov “Sputnik”ə (o vaxt Səməd Vurğun bağının yanında yerləşirdi) adam göndərdi və xəbər gəldi ki, orada teleks çalışır. Komsomol təşkilatının nəzdində fəaliyyət göstərən “Sputnik” birbaşa Moskvaya tabe olduğuna görə, hərbçilər onun teleksini bağlamamışdılar.
Yenidən hadisələrin gedişatı haqda məlumatları yaymağa başladıq və teleks göndərdiyimiz əsas adamlardan biri yenə Mirzə Xəzər idi. “Sputnik”dəki teleksdə avtomatik imza var idi: “Ələkbərov”. Hər dəfə Mirzə Xəzər “Azadlıq” radiosunda bizim məlumatları səsləndirəndə deyirdi: “Diqqət! Diqqət! Bakıdan Ələkbərov xəbər verir...”. Cəmi iki-üç gün belə çalışa bildik. Sonra “Sputnik”in də teleksini bağladılar...
Qanlı Yanvardan bir neçə il keçəndən sonra Mirzə Xəzər Bakıda olanda imkan tapıb onunla görüşdüm. Bu, ilk və son görüşümüz oldu. Özümü təqdim elədim, “Ələkbərov”un kim olduğunu da ona dedim. O günləri xatırladıq və xatırladıqca kövrəldik...
...Üstündən 34 il keçsə də, Qanlı Yanvarı birlikdə yaşadığım dostlarla indi də görüşəndə, elə olmur ki, hansısa epizodu xatırlamayaq. Bu yaxınlarda İlqar Abbasovla Şirvan şəhərində yeni salınmış “Qarabağ” və “Zəfər” xiyabanlarını gəzəndə də o günləri yada saldıq. Böyük Qələbəmizin şərəfinə ucaldılan abidəni ziyarət edəndə çox qürurlu idik. Çünki bizim Zəfərimiz təkcə Qarabağ şəhidlərimizin deyil, həm də 20 Yanvar şəhidlərimizin qanının yerdə qalmamağının müjdəsidir.
Yaşa, müstəqil, müzəffər Azərbaycan!
Rasim Müzəffərli
(yazı müəllifin feysbuk səhifəsində yayımlanıb)