Alessandro Bianki: “İşğal zamanı kompleksdən təyinatı üzrə istifadə olunmayıb”

 

Qədim abidələrin bərpası üzrə beynəlxalq dərəcəli italyan ekspert Alessandro Bianki Ağdamda “İmarət” kompleksinə baxış keçirib.

O, kompleksdə yerləşən qədim məzarlığın ilkin halı və aparılan tədqiqat işlərindən sonrakı vəziyyətlə bağlı jurnalistlərə məlumat verib. Kompleksdəki qəbirlərin işğal dövründə dağıdıldığını bildirən italyan mütəxəssis deyib: “Ermənilər işğal müddətində buradan tövlə kimi istifadə edib, bütün məzarlığı xaraba qoyublar. Azərbaycan əraziləri işğaldan azad olunandan qısa müddət sonra biz buraya gələndə abidənin dağıdıldığını, təhqir olunduğunu və təyinatı üzrə istifadə edilmədiyini gördük. İndi isə əsas məsələ Azərbaycan üçün çox mühüm olan bu kompleksi necə bərpa etməkdən ibarətdir. “İmarət” kompleksinin restavrasiyası üzrə işlər iki əsas hissəyə ayrılıb. Birinci hissə restavrasiyadan, yəni binanın fiziki bərpasından ibarətdir. İkinci hissə isə tamamilə dağıdılmış məzarlığın bərpasından ibarətdir”.

Ekspertin sözlərinə görə, işğal dövründə əksər qəbirüstü daşların yeri dəyişdirilib və qəbirlərə dair məlumatlar itib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Bərpa konsepsiyasına əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahə qiymətləndirilib, çəkilişlər aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. “İmarət” kompleksi ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək.