“Alov qüllələri” kompleksində “Fairmont Baku” hotelinin açılışı keçirilib
   
   İyunun 24-də paytaxtdakı “Alov qüllələri” kompleksində “Fairmont Baku” hotelinin açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
   
   Bakının müasir memarlıq simasına yeni rəng və möhtəşəmlik qatan “Alov qüllələri” kompleksi artıq şəhərimizin yeni simvollarından birinə çevrilib. Bu gün Azərbaycan paytaxtının dünyada təqdimatında, şəhərdəki digər yeni tikililərlə yanaşı, Bakının yüksək məkanında səmaya dikilmiş bu qüllələrə xüsusi yer ayrılır. Üç möhtəşəm göydələndən ibarət kompleks yeni yüzillikdə Bakıda həyata keçirilən şəhərsalmanın mühüm elementlərindən biri kimi qiymətləndirilir.
   “Alov qüllələri”nə dünyada olan marağı şərtləndirən ən mühüm amillər sırasında təbii ki, onun memarlıq üslubu mühüm rol oynayır. Bu qüllələr qlobal urbanizasiya tələblərinə tam cavab verməklə özündə bir neçə kompleksi və xidmət sektorunu birləşdirir.
   Təsadüfi deyil ki, bu gün Bakıya səfər edən xarici qonaqların görmək istədikləri məkanlar sırasında “Alov qüllələri” xüsusi yer tutur. Bu qüllələr Azərbaycan paytaxtından reportaj hazırlayan xarici telekanalların diqqətindən yayınmır.
   Məsələn, CNN telekanalı “Alov qüllələri”ni “Nəhəng binalar” layihəsində dünyanın altı nəhəng və təkrarsız tikililəri sırasına daxil etmişdir. Bununla yanaşı, “Alov qüllələri” Avropanın əsas tədbirlərindən olan “MIPIM - 2013” beynəlxalq sərgi-müsabiqəsində “Ən yaxşı hotel və turizm mərkəzi” nominasiyası üzrə qalib elan olunmuşdur. “Skyscrapercity.com” şəhərsalma forumunun sorğusuna əsasən, “Alov qüllələri”nin işıqlandırma sistemi dünyada ən yaxşı sistem kimi tanınmışdır. “Alov qüllələri” ideyası özlüyündə bir memarlıq elementi kimi son dərəcə maraqlıdır. Bu, Odlar Yurdu Azərbaycanda aparılan quruculuq və abadlıq işlərinin miqyasını göstərir. Kompleksdə istifadəyə hazır olan “Fairmont Baku” hotelində müasir dizayn və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılıb. Nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Hotel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır. Burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Hoteldə müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərəcək. Binada 18 lift, 200-dən çox avtomobil üçün dayanacaq var. Bütün bunlar bir daha təsdiqləyir ki, müasirləşən ölkəmizdə yüksək səviyyəli xidməti ilə seçilən mehmanxanaların inşası geniş vüsət alıb və məşhur hotel brendlərinin ölkəmizə marağı xeyli artıb. Yerləşdiyi ərazi və mənzərəsi ilə də xüsusi fərqlənən “Fairmont Baku” hoteli təklif etdiyi xidmətlər baxımından bir çox brendləri üstələyir və ölkəmizin müasir turizm imkanlarını daha da artırır.
   Müasir Bakı dünyada getdikcə məşhurlaşır. Paytaxtımızın imici həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri ilə daha da güclənir. Şəhərimizin qədimliyi və klassik üslubu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşir və bütün bunlar Bakının dünyanın ən gözəl şəhərləri sırasında yerini daha da möhkəmləndirməsinə töhfə verir.
   
   * * *
   “Fairmont Baku”da yaradılan şəraitlə yaxından tanış olduqdan sonra dövlət başçısı hotelin kollektivi ilə görüşüb. Prezident kollektivi açılış münasibətilə təbrik edib: “Təxminən bir saatdır ki, “Fairmont” hoteli ilə tanış oluram. “Fairmont” sözün əsl mənasında möhtəşəm hoteldir. Bakının, Azərbaycanın ən böyük hotelidir və burada yaradılan şərait ən yüksək səviyyədədir. Bakıda hotellər çoxdur. Xüsusilə son iki il ərzində altı beşulduzlu hotel istifadəyə verilib. Dünyada ikinci belə şəhər yoxdur ki, iki il ərzində bu qədər beşulduzlu hotel tikilsin. Onların hamısı ən məşhur hotel brendlərini təmsil edir. “Kempinski”, “Hilton”, “Jumeirah”, “Marriott”, “Four Seasons” və “Fairmont” hotelləri açılmışdır.
   Mən hər bir hotelin açılışında şəxsən iştirak etmişəm. Hər dəfə yeni hotelin açılışı məni çox sevindirir. Çünki bu, şəhərimizə, ölkəmizə qoyulan investisiyalardır, şəhərimizin inkişafıdır, Bakının gözəlləşməsidir. Bakı onsuz da gözəl şəhərdir. Ancaq yeni hotellər şəhərimizi daha da gözəlləşdirir. Belə möhtəşəm hotellərin tikintisi Azərbaycanın gücünü göstərir. Ölkəmizin inkişafını göstərir. Azərbaycana investisiya qoyuluşunun istiqamətlərini göstərir. İnvestorların Azərbaycanın bu gününə və sabahına inamını göstərir. Çünki indi ölkəmizin inkişafı çoxşaxəlidir. Qeyri-neft sektorumuz da uğurla inkişaf edir. Bu ilin beş ayında Azərbaycanda qeyri-neft sektoru 11 faiz artmışdır. Bu da hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir.
   Hotellərin tikintisi, əlbəttə ki, ölkədə gedən ümumi proseslərin təzahürüdür. Çünki əgər ümumi inkişaf olmasaydı və Azərbaycan indi dünya mərkəzlərindən birinə çevrilməsəydi, bu hotellərin tikintisinə ehtiyac olmazdı. Burada əlbəttə ki, mən investorların fəaliyyətini yüksək qiymətləndirirəm. Dünyada ən məşhur olan hotel brendlərinə minnətdarlığımı bildirirəm ki, onlar Azərbaycanda öz fəaliyyətlərinə başlayırlar. Əminəm ki, onların fəaliyyəti uğurlu olacaqdır. Çünki Bakı, bir daha demək istəyirəm ki, indi dünya mərkəzlərindən biridir, həm siyasi, həm iqtisadi və mədəni cəhətdən. Bakıda demək olar ki, hər həftə mötəbər beynəlxalq tədbirlər keçirilir. Beləliklə, yeni hotellərin tikilməsinə də ehtiyac yəqin ki, olacaqdır.
   “Fairmont” isə sözün əsl mənasında möhtəşəm bir hoteldir. Daxili dizayn zövq oxşayır. Burada hər şey çox böyük zövqlə yaradılıb. Hər şey qonaqların rahatlığına hesablanıb. Gözəl otaqlar, geniş ictimai yerlər, konfrans mərkəzi, istirahət zonaları, dizayn çox gözəldir.
   Hotelin xarici görünüşü də möhtəşəmdir. “Fairmont” hoteli və “Alov qüllələri” Bakının yeni simvoludur. Bakımızın qədim simvolları vardır ki, biz haqlı olaraq onlarla qürur duyuruq. “Qız qalası” Bakının simvoludur, İçərişəhər nadir memarlıq abidəsidir. Bulvar yüz ildən çoxdur ki, fəaliyyət göstərir. Bunlar Bakının köhnə və qədim simvollarıdır.
   Müstəqillik dövründə Bakının yeni simvolları da yaradılmışdır. Onların arasında mən Heydər Əliyev Mərkəzini qeyd edə bilərəm. Yuxarı mərtəbələrdən Heydər Əliyev Mərkəzi də görünür. Bu da nadir bir memarlıq əsəridir. Dünya miqyasında bunun analoqu yoxdur. Bayraq Meydanı müasir dövlətimizin simvoludur. Azərbaycanın müstəqilliyini əks etdirən bu möhtəşəm meydanın da dünyada analoqu yoxdur. Yeni bulvar Bakının yeni simvoludur. Digər binalar müasir şəhərimizi təcəssüm etdirir və onların içində əlbəttə ki, “Alov qüllələri”nin xüsusi yeri var. Təsadüfi deyildir ki, indi müxtəlif beynəlxalq tədbirlərdə, Azərbaycanın xaricdəki müxtəlif tədbirlərində “Alov qüllələri” bir simvol kimi əks etdirilir. Bu, doğrudan da nadir memarlıq əsəridir, şəhərimizin ən gözəl yerlərindən birində böyük zövqlə tikilib.
   Bu hotelin açılması, eyni zamanda, turizm sektorunun inkişafına da təkan verəcək. Əminəm ki, məhz burada qalmaq üçün turistlər gələcək ki, buranı görsünlər. Çünki “Alov qüllələri” indi dünyada məşhur bir memarlıq abidəsidir. Azərbaycanda turizm sürətlə inkişaf edir. İldən-ilə turistlərin sayı artır. Şadam ki, təkcə Bakıda deyil, başqa yerlərdə də turizm kompleksləri, həmçinin “Şahdağ” kompleksi açılmışdır. Bu qış mövsümündə orada artıq beş hotel fəaliyyət göstərəcək. Bir daha demək istəyirəm ki, Azərbaycanda belə möhtəşəm binaların, otellərin tikilməsi və fəaliyyətə başlaması ölkəmizin ümumi inkişafının təzahürüdür.
   Əminəm ki, siz - bu hoteldə çalışanlar qonaqlara yaxşı xidmət göstərəcəksiniz, ölkəmizin inkişafına öz dəstəyinizi, töhfənizi verəcəksiniz. Şübhə etmirəm ki, qonaqlar burada qayğı ilə, diqqətlə əhatə olunacaq, həm buradan açılan mənzərədən, həm də burada yaradılmış şəraitdən zövq alacaqlar. Bir daha sizi ürəkdən təbrik edirəm, uğurlar arzulayıram”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar