Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF, mənzil-qərargahı Bakıda yerləşir) prezidenti Aktotı Raimkulova Ankaraya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Aktotı Raimkulova Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Qazaxıstanın bu ölkədəki səfiri Yerkebulan Sapiyev ilə görüşüb.
Fonddan bildirilib ki, görüşlərdə türk xalqlarının tarixi dostluq və qardaşlıq münasibətlərinin hazırda dövlət başçıları tərəfindən uğurla davam etdirilməsindən söz açılıb. Milli-mədəni irs amilinin qlobal miqyasda, eləcə də Türk dünyasında xalqların bir-birinə daha da yaxınlaşdırılması istiqamətində önəmli rolu vurğulanıb. TMİF-in bu xüsusda fəaliyyəti yüksək qiymətləndirilib.
Fondla Azərbaycanın və Qazaxıstanın Türkiyədəki səfirlikləri arasında əməkdaşlığın gələcək istiqamətləri və birgə layihələr ətrafında müzakirələr aparılıb.
***
TMİF prezidenti Ankarada Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) prezidenti Serkan Kayalar ilə də görüşüb.
Aktotı Raimkulova TİKA-nın ümumtürk mədəni irsinin qorunması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Fond və TİKA arasındakı mövcud əlaqələrin daha da genişləndirilməsinin önəmi vurğulanıb.
Serkan Kayalar türk xalqlarını birləşdirən vahid irsin beynəlxalq səviyyədə təbliğ və təşviqini zamanın tələbi kimi dəyərləndirib. O da TİKA-nın fondla işbirliyinin daha da gücləndirilməsinə hazır olduğunu qeyd edib.
Görüş çərçivəsində TMİF və TİKA arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandum ümumtürk mədəni irsinin tanıdılmasına, yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə vermək üçün birgə əməkdaşlığın möhkəmləndirilməsi məqsədini daşıyır.
***
Aktotı Raimkulovanın Türk Dil Qurumunun rəhbəri professor Osman Mertlə görüşündə türk xalqlarının inteqrasiya prosesinin sürətləndirilməsində ortaq dil amilinin önəmli rolu vurğulanıb, ümumtürk irsinin yaşadılması yönündə əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib.
Aktotı Raimkulova və Osman Mert iki təşkilat arasında əməkdaşlığa dair anlaşma memorandumunu imzalayıblar. Memorandum tarixi qardaşlıq bağlarına, ortaq soy-kök, dil və mədəniyyətə sahib türk xalqlarının mədəni irsinin qorunması və inkişaf etdirilməsi məqsədi daşıyır.