Azərbaycan
24 yanvar 1905 – Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905–1938) Dərbənd şəhərində anadan olub. BDU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri olub. Repressiya qurbanıdır.
24 yanvar 1909 – Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan Əşrəf Həsən oğlu Həsənov (1909 – 9.8.1983) Şəkidə anadan olub.
24 yanvar 1921 – Əməkdar incəsənət xadimi, rəssam Eyyub Əliağa oğlu Məmmədov (1921 – 27.8.1994) Bakıda anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində müəllim, direktor işləyib.
24 yanvar 1922 – Aşıq Şakir (Şakir Şahverdi oğlu Hacıyev; 1922 – 10.4.1979) anadan olub.
24 yanvar 1941 – Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil Eynulla oğlu İsrafilov (1941 – 29.4.2023) Bakıda anadan olub.
24 yanvar 2019 – Prezident İlham Əliyev görkəmli kinorejissor, Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
25 yanvar 1887 – Yazıçı, ədəbiyyatşünas, pedaqoq Seyid Hüseyn (Hüseyn Mirkazım oğlu Sadıqzadə; 1887 – 6.1.1938) Bakıda doğulub. Bu gün də bədii təravətini saxlayan maraqlı hekayələrin müəllifidir. Repressiya qurbanı olub.
25 yanvar 1984 – Görkəmli teatr və kino aktyoru, Xalq artisti Məmmədrza İsa oğlu Şeyxzamanov (4.8.1915 – 1984) vəfat edib. Akademik Milli Dram Teatrında, kinoda (“Bir qalanın sirri”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” və s.) yaddaqalan obrazlar yaradıb.
25 yanvar 2021 – Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin (1921-2017) 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
26 yanvar 1863 – Maarifçi alim, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib. Seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsindən sonra ona rəhbərlik edib. 1920-ci ilin mayında Gəncədə antisovet üsyanı zamanı güllələnib.
26 yanvar 1931 – Əməkdar rəssam, tanınmış heykəltəraş Albert Zaman oğlu Mustafayev (1931 – 4.3.2022) Şəkidə doğulub. Bakıda “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Nizami Kino Mərkəzinin baş fasadındakı Nizami heykəlinin, vaxtilə Şuşada, Molla Pənah Vaqifin məqbərəsində qoyulmuş Vaqifin heykəlinin müəllifidir.
26 yanvar 1933 – Xalq artisti, bəstəkar Musa Abdulla oğlu Mirzəyev (1933 – 29.1.2016) Bakıda doğulub. Simfoniya, simfonik orkestr üçün əsərlər, kantata, vokal silsilələri, mahnıların müəllifidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.
26 yanvar 1934 – Əməkdar rəssam Elçin Muxtar oğlu Aslanov (1934–2018) Bakıda doğulub. Kitab qrafikası ilə məşğul olub, Akademik Dram Teatrında tamaşalara səhnə tərtibatı verib, “Nəsimi” bədii filminin geyim üzrə rəssamı olub.
26 yanvar 2008 – Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934 – 2008) vəfat edib. Muğam Teatrının yaradıcısı və 20 ilə yaxın bədii rəhbəri olub.
26 yanvar 2010 – Prezident İlham Əliyev məşhur cazmen, pianoçu və bəstəkar Vaqif Mustafazadənin 70 illik yubileyi haqqında sərəncam imzalayıb.
Dünya
24 yanvar 1732 – Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732–1799) anadan olub. “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyalarının müəllifidir.
24 yanvar 1776 – Alman yazıçısı Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776–1822) anadan olub. “Birələr hökmdarı” romanı, “Şelkunçik və siçanlar kralı” nağılı (P.Çaykovski nağıl əsasında “Şelkunçik” baletini yazıb) və s. əsərlərin müəllifidir.
24 yanvar 1901 – SSRİ Xalq artisti, kinorejissor Mixail İliç Romm (1901–1971) anadan olub. “Adi faşizm” sənədli filmi ilə xüsusilə tanınıb.
25 yanvar 1759 – Şotland şairi Robert Berns (Robert Burns; 1759 – 21.7.1796) anadan olub. Şairin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram kimi qeyd olunur.
25 yanvar 1874 – İngilis yazıçısı Vilyam Somerset Moem (William Somerset Maugham; 1874-1965) anadan olub. Əsərləri: “Ehtiraslar yükü”, “Ay və quruş” (romanlar), “Teatr” (povest) və s.
25 yanvar 1938 – Rus şairi və müəllif mahnılarının ifaçısı, aktyor Vladimir Semyonoviç Vısotski (1938 – 25.7.1980) anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “Tayqanın sahibi” və s. filmlərdə çəkilib.
26 yanvar 1925 – Amerika aktyoru, rejissor Pol Nyuman (Paul Leonard Newman; 1925–2008) anadan olub.
Hazırladı: V.Orxan