XIX əsrdə yaşayıb-yaratmış görkəmli pedaqoq, kitabşünas və xəttat Əbdülqəni Nuxəvi ölkəmizdə kitabxana mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərdəndir. Əsərlərinin böyük bir hissəsi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır.
Əbdülqəni Əfəndinin topladığı kitab və əlyazmaların hamısı günümüzə gəlib çatmayıb. Çünki 1920-ci ilin aprelində Azərbaycanın rus-bolşevik işğalı ilə maddi-mənəvi irsimizə qarşı da qəsd olunub. Ölkənin hər guşəsində ərəb qrafikalı kitab, jurnal və əlyazmalar talan edilib, sıradan çıxarılıb. Deyilənə görə, Əbdülqəni Nuxəvinin kitabxanasındakı kitablar da həmin dövrdə yandırılıb.
Əbdülqəni Məhəmməd oğlu Nuxəvi 1817-ci ildə Şəki şəhərində dünyaya göz açıb. İbtidai təhsilini molla məktəbində alır. Sonra mədrəsədə təhsilini davam etdirir. Ərəb, fars dillərini dərindən öyrənən Əbdülqəni ömrünü əlyazmaların öyrənilməsinə həsr edir. Sonradan türk, ərəb və farsdilli Şərq ədəbiyyatının tədqiqatçısı kimi tanınır. Xalqın maariflənməsi yolunda böyük səy göstərir. Minlərlə əlyazma və qədim çap kitablarını əhatə edən zəngin kitabxana yaradır.
Görkəmli kitabşünasın AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda iki mindən çox əlyazması saxlanılır. Əbul-Hüseyn Əhməd Məhəmməd əl-Qüdurinin (972 – 1038) “Müxtəsər əl-Qüduri” əsərinin institutda mühafizə olunan 28 əlyazma nüsxəsindən üçünün azərbaycanlı katiblər tərəfindən üzü köçürüldüyü müəyyən edilib. Həmin katiblərdən biri Əbdülqəni Nuxəvidir. O, ərəb dilini mükəmməl bildiyi üçün bu dildə yazılan məntiq, fəlsəfə, dil, ədəbiyyat nəzəriyyəsi və başqa elm sahələrinə aid əsərlərdən səmərəli surətdə istifadə edə bilib.
Araşdırmalardan məlum olur ki, onun hazırladığı “Müxtəsər əl-Qüduri” əlyazması poleoqrafik xüsusiyyətlərinə və keyfiyyətinə görə o biri nüsxələrdən fərqlənir. Ərəb xətt nümunələrinə yaxından bələd olan katib bu əlyazmanı çox dəqiq və nəfis şəkildə işləyib.
Ə.Nuxəvi 40 illik elmi axtarışları nəticəsində Şərqin məşhur elm və mədəniyyət xadimlərinin əlyazma və əsərlərini toplayaraq üzünü köçürüb. Eyni zamanda bəzilərini müxtəlif mətnlər əsasında şərh edib. Mütəxəssislərin fikrincə, Azərbaycan kitab mədəniyyətinin əlyazma şəklində inkişaf etməsində Ə.Nuxəvinin xüsusi xidmətləri olub.
Mənbələrdə bu görkəmli kitabşünasla bağlı bəzi rəvayətlərin də yaradıldığı bildirilir. Bir rəvayətdə qeyd edilir ki, tanınmış fransız yazıçı Aleksandr Düma (ata) 1858 – 1859-cu illərdə Qafqaza səyahəti zamanı bir müddət Azərbaycanda da olur. Əyalətləri gəzərkən Şəki şəhərinə də gəlir. Burada məşhur xəttat Ə.Nuxəvi ilə görüşür. İlk görüşdən sonra o, Əbdülqəni Əfəndidən onun dillər əzbəri olan kitabxanasına baxmaq üçün icazə istəyir. O da razılıq verir. A.Düma kitabxana ilə tanış olur və elm ocağının zənginliyinə heyran qalır. Əbdülqəni Əfəndi qonağa kitabxanada toplanan Xaqani Şirvani, Nizami Gəncəvi, Şeyx Mahmud Şəbüstəri, Şah İsmayıl Xətai, Nəsirəddin Tusi, Abbasqulu ağa Bakıxanov, Əlişir Nəvai, Əbülqasım Firdovsi, Hafiz Şirazi, Cəlaləddin Rumi, Şəms Təbrizi, Sədi Şirazi, İbn Sina və digər görkəmli şair və yazıçıların əlyazma əsərləri haqqında məlumat verir... Görüşün sonunda A.Düma rəngarəng naxışlarla bəzədilən, gözəl miniatürləri olan bir neçə nəfis əlyazmanı gətirib stolun üstünə qoyur. Kitabları ona satmasını xahiş edir.
Əlyazmalar İnstitutu Ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri filologiya elmləri doktoru Kamandar Şərifli araşdırmasında yazır ki, Ə.Nuxəvi əcnəbi yazıçının xahişini rədd edir. Bildirir ki, bu kitabxana xalqın elm ocağıdır. Buradan kitab satılmır. Əgər əsər yazmaq və ya elə-belə oxumaq istəyirsinizsə, buyurub istifadə edə bilərsiniz...
Düma kitabları pulla ala bilməyəcəyini başa düşür. Bir əlac tapmaq üçün Şəki tacirlərinə müraciət edir. Tacirlər öz adlarından Ə.Nuxəviyə təsdiqlənmiş rəsmi sənəd verirlər. Kitabların qaytarılması məsuliyyətini öz üzərlərinə götürürlər. Guya A.Düma kitabları oxuduqdan və istifadə etdikdən sonra sahibinə qaytaracaq... Bundan sonra Ə.Nuxəvi A.Dümaya istədikləri kitabları verir. Ancaq birinə qəti etiraz edir. Bu, yeganə nüsxə olan “Kitabi-Dədə Qorqud” dastanı idi.
Aradan bir müddət keçir, ancaq əcnəbi qonaqdan bir səs-soraq eşidilmir. Beləliklə, A.Düma vədinə əməl etmir. Apardığı kitabların heç birini geri qaytarmır...
“Farsca-Azərbaycanca danışıq” kitabçasının da müəllifi olan Əbdülqəni Nuxəvi 1879-cu ildə dünyasını dəyişib.
Savalan Fərəcov