Milli Kitabxananın dövri mətbuat arxivindən...
Mətbu səhifələrdən budəfəki seçmələr sovetlər zamanında respublikanın əsas dövri nəşri olmuş “Kommunist” qəzetindəndir.
Onlardan biri uzaq 30-cu illərə aiddir. Ermənistanda, İrəvanda (o dövrdə Erivan kimi yazılıb) Azərbaycan musiqi dekadasına (ongünlüyünə) hazırlıqdan bəhs edir. Seçmədə o dövrün yazı üslubu və ifadələri (dekada – deqad; bəstəkar – kompozitor və s.) olduğu kimi saxlanılıb.
Ermənistanda Azərbaycan musiqi deqadı
Ermənistan Maarif Xalq Komissarlığı Azərbaycan Maarif Xalq Komissarlığı ilə birlikdə fevral ayında Erivanda Azərbaycan musiqi deqadı keçirməyi təşkil edirlər. Bu deqad müddətində şura Azərbaycanının xalq etnoqrafik musiqi nümunələri və musiqi mədəniyyətinin yeni nailiyyətləri nümayiş etdiriləcəkdir. Azərbaycan kompozitorlarından Üzeyir Hacıbəyli, Maqomayev, Quliyev, Niyazi, Zeynallı, Gevondyan və sairlərinin əsərləri proqrama daxil edilmişdir.
Deqad müddətində gecələrdən biri simfonik musiqiyə, digər bir gecə Hacıbəylinin idarəsi altında xalq musiqi alətindən notlu orkestronun çıxışına həsr ediləcəkdir. Xalq musiqi gecəsində xanəndələr, tarçılar, qarmon çalanlar və türk qadınları mədəniyyət sarayının orkestrosu çıxışda bulunacaqlardır. Ermənistandan sonra Moskva və Leninqradda Azərbaycan musiqi deqadı keçirilməsi nəzərdə tutulur.
“Kommunist”, 27 yanvar 1936-cı il
***
Digər informasiya isə yarım əsr sonraya, azərbaycanlı əhalinin Ermənistan SSR ərazisindən deportasiyasının davam etdiyi dövrə aiddir. Azərbaycanlıları tarixi yurdlarından didərgin salan Ermənistan rəsmiləri Mərkəzin (Moskvanın) gözündə xoş görünsün deyə Quqark rayonunun (soydaşlarımıza qarşı çoxsaylı qətllərin törədildiyi rayon) rəhbərliyi adından mətbuatda siyasi riyakarlıq nümunəsi olan bu müraciəti dərc etdiriblər.
Quqark rayonundan Azərbaycan SSR-ə köçmüş azərbaycanlılara müraciət
Əziz azərbaycanlı qardaşlar!
Keçən ilin axırında iki qardaş xalqın nümayəndələri arasında münasibətlər kəskinləşmişdir və bu, şübhəsiz, hər iki xalqın mənafelərinə ziddi idi. Çox çətin vəziyyət yaranmışdı, belə vəziyyət millətlərimizin tərəqqisinə mane olur, iki qardaş xalqın əsrlər boyu davam edən dostluğuna ciddi zərbə endirirdi. Nəticədə ermənilər Azərbaycandan və azərbaycanlılar Ermənistandan köçməyə başladılar. Rayona üz vermiş dağıdıcı zəlzələ vəziyyəti daha da ağırlaşdırdı.
Əziz qardaşlar, qarşılıqlı incikliyə gətirib çıxaran hər cür səbəbləri aradan qaldırmaq, əmin-amanlıq və asayiş yaratmaq, mehriban qonşuluq münasibətlərini möhkəmləndirmək üçün qəti və ağıllı tədbirlər görmək vaxtı gəlib çatmışdır.
Rayon partiya komitəsi və rayon icraiyyə komitəsi sizə – Quqark rayonundan Azərbaycan SSR-in Xaçmaz rayonuna köçmüş azərbaycanlılara müraciət edib onları doğma kəndlərinə qaytarmağa, öz doğma yurdlarının bərpasına başlamağa, zəlzələ ilə əlaqədar bütün lazımi maliyyə kompensasiyası almağa, dinc əmək həyatına qoşulmağa çağırırlar. Bu günədək 1000 nəfərdən çox azərbaycanlı doğma kəndlərinə qayıtmışdır. Biz onların təhlükəsizliyini təmin etmək üçün hər cür tədbirlər görür və təsərrüfatlarının bərpasına, daimi yaşayış yerlərində kök salmasına lazımi yardım göstəririk.
Ermənistan KP Quqark Rayon Komitəsi
Ermənistan SSR Quqark Rayon Sovetinin İcraiyyə Komitəsi.
“Kommunist”, 26 yanvar 1989-cu il