Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri də Xalq artisti İslam Rzayev olub. O, sələflərinin sənət ənənələrini lazımınca yaşadıb, muğamın klassik ifa tərzinin qorunub saxlanılması üçün böyük səylər göstərib. Sənətkar eyni zamanda pedaqoji fəaliyyət göstərib, yeni xanəndələr nəslinin yetişdirilməsinə öz töhfəsini verib. Muğam ustadını anadan olmasının 90 illiyi münasibətilə yada saldıq.
İslam Tapdıq oğlu Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində anandan olub. Orta məktəbi başa vurduqdan sonra 1951-1956-cı illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyur. Burada ustad xanəndə Seyid Şuşinskinin sinfində muğam ifaçılığının sirlərinə dərindən yiyələnir. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutundan (indiki ADMİU) məzun olur.
Araşdırmalarda qeyd edilir ki, onun bir müğənni kimi formalaşmasında görkəmli sənətkarlar Zülfü Adıgözəlov və Həqiqət Rzayevanın da böyük təsiri olub. Erkən çağlardan ifaçılıq sənətinə başlayan müğənni 1958-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist olaraq fəaliyyət göstərib. Ölkəmizdə muğam sənətinin yaşadılması və təbliğinə xüsusi diqqət yetirən İslam Rzayev bu istiqamətdə yorulmadan çalışıb. 1988-ci ildə rejissor Arif Qazıyevlə birlikdə “Muğam teatrı”nı təşkil etmək qərarına gəlirlər. İlk olaraq istedadlı xanəndələrin, mahir ifaçıların toplanması, muğamlarımıza uyğun səhnə forması və bütün bunların uyğun şəkildə teatrlaşdırılmış üslubda tamaşaçılara təqdim olunması üçün iş aparılır. Məşqlər “Şur” muğamının hazırlanması ilə başlanır. Dəsgahın ifasına tanınmış xanəndələrdən Zeynəb Xanlarova, Alim Qasımov, Arif Babayev, Qədir Rüstəmov və başqaları cəlb olunur. “Muğam teatrı” yeni ifaçıların meydana çıxmasında rol oynayır, gənclərin bu sənətə istiqamətlənməsinə öz təsirini göstərir. İ.Rzayev ömrünün sonunadək bu teatrın bədii rəhbəri olur.
İ.Rzayevin sənətə gəlişində, bir xanəndə kimi gələcək taleyinin müəyyənləşməsində S.Şuşinskinin mühüm rolu olub. Xanəndə bu barədə xatirələr kitabında yazır: “...Bir gün bibim məni Füzuli şəhərinə apardı. S.Şuşinski dəhlizdə oturub qəlyan çəkirdi. Qabağında isə çay vardı. O bizimlə çox mehriban hal-əhval tutdu. Sonra üzünü mənə tutaraq dedi: “Oğlum, çayını iç”. Sonra başa düşdüm ki, məni oxudacaqmış. Ona görə də boğazımın yaşlanmasını istəyib. Bibim qabaqcadan ona deyibmiş. Deyirlər, İslamın yaxşı səsi var. Bəlkə bunu bir yoxlayasan. S.Şuşinski mənə “bala, nəyi bilirsən onu oxu” dedi. Xəyalıma ilk gələn “Tel nazik” mahnısı oldu. Oxudum, etiraz etdi. Bildirdi ki, bura çox aşağıdır, bir az zildən oxu. Özü də zildən bir zəngulə vurdu. Səsini o dəqiqə tutdum. Bir bənd “Tel nazik” oxudum. Başı ilə bəyəndiyini bildirdi və “daha bəsdir” dedi: – Bir haldakı tutduğum notu dərhal məndən aldın, kifayətdir”. Sonra dedi ki, bu uşağın yaxşı səsi və musiqi qavrayışı var. Qəbul etdirərəm mənim sinfimə”.
İ.Rzayevin genişdiapazonlu, məlahətli və zəngin çalarlı ecazkar səs tembri vardı. Dinləyicinin daxili aləminə nüfuz edərək onda güclü emosional təsir yaratmaq bacarığı, incə musiqi duyumu onun sənətini fərqləndirən xüsusiyyətlər idi. Daim muğam qaynaqlarından bəhrələnən, lakin öz dəst-xətti ilə seçilən xanəndənin zəngin repertuarlı konsert proqramları sənətsevərlər tərəfindən maraqla qarşılanırdı. Oxuduğu “Çahargah”, “Bayatı-kürd”, “Mahur-hindi”, “Rast” muğam dəsgahları AzTV-nin fonduna daxil edilib.
İ.Rzayev həm də bəstəkar kimi tanınıb. Onun bəstələdiyi “Gəl, inad etmə”, “Dağlar başı”, “Almadərən” mahnıları radio dalğalarında və televiziya ekranlarında təkrar-təkrar səsləndirilib, dinləyicilərin qəlbinə təravət bəxş edib.
1968-ci ildə Azərbaycan Konsert Birliyi (“Azkonsert”) yaradılır. O, böyük maraq və inamla birliyin nəzdində ansambl təşkil edir. Ansambla topladığı istedadlı gənclər – B.Əşrəfov, M.Kazımov, F.Cəfərov, Z.Abdullayeva, Z.Məmmədsalahova, H.Rəhimov, X.Məmmədova və başqaları ilə sənətdə əldə etdiyi bilik və bacarığını bölüşür. Özünün etiraf etdiyinə görə, bu gənclərin bir ifaçı kimi tanınmasında xüsusi zəhmət çəkir. Daima gənc müğənnilərə sənətdə püxtələşməsi və tanınması üçün yardımçı olur.
İ.Rzayev məlahətli səsi, bənzərsiz ifası ilə Azərbaycan ifaçılıq sənətində təkcə xanəndə kimi deyil, həm də təkrarolunmaz mahnı ifaçısı kimi tanınıb. S.Rüstəmov, T.Quliyev, C.Cahangirov, S.Ələsgərov, H.Xanməmmədov, R.Mirişli, A.Bəbirov, Ş.Axundova və digər bəstəkarların mahnıları onun repertuarını bəzəyib. Xanəndə 80-ə yaxın ölkədə Azərbaycan musiqi mədəniyyətini böyük uğurla təmsil edib.
Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən görkəmli İ.Rzayev 1989-cu ildə “Xalq artisti” fəxri adına layiq görülüb. 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.
Qədim tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin inkişafına töhfələr verən İslam Rzayev 26 yanvar 2008-ci ildə, ömrünün 74-cü ilində Bakıda vəfat edib.
Savalan Fərəcov