Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında dövlət xadimi, maarifpərvər ziyalı Temirbek Jürgenovun (1898–1938) 125 illik yubileyi münasibətilə nəşr edilən kitabların təqdimatı olub.

Kitablar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un dəstəyi ilə ötən il elan olunan “Temirbek Jürgenov İli” çərçivəsində nəşr olunub. Yazıçı Beybit Koyşıbayevin “Komissar Jürgenov” kitabı türk dilinə, Almacan Uteqaliyevanın “Temirbek Jürgenov: Zəfər və faciə” kitabı isə rus dilinə tərcümə olunub.

Təqdimat mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev bildirib ki, belə bir görkəmli şəxsiyyətin tariximizdəki yerini müəyyənləşdirmək, irsini araşdırmaq bugünkü və gələcək nəsillərin borcudur.

Qeyd edilib ki, görkəmli ziyalı, 1938-ci ildə repressiya qurbanı olmuş Temirbek Jürgenov qısa ömründə Orta Asiya xalqlarının maariflənməsinə böyük əmək sərf edib. O, Tacikistan, Qırğızıstan və Qazaxıstanda müxtəlif vəzifələrdə çalışaraq maarifçilik fəaliyyəti göstərib.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Qazaxıstan rəsmiləri, deputatlar, elm, ədəbiyyat xadimləri iştirak ediblər.

Qeyd edək ki, Temirbek Jürgenovun atası, üç qardaşı da 30-cu illərdə repressiya edilərək güllələnib. Həyat yoldaşı 15 ilə yaxın həbs düşərgələrində olub, 50-ci illərdə reabilitasiya edilib.

Mehparə Sultanova
Ankara