“Qiyamət günü saatı” belə göstərir

 

Bəşəriyyəti dünyanı təhdid edən ən böyük təhlükələr barədə xəbərdar etmək üçün qurulan “Qiyamət günü saatı”nın əqrəbləri ilk dəfə sona bu qədər yaxınlaşıb.

“Qiyamət günü saatı” dünyanın sonuna 90 saniyə qaldığını göstərir. 2024-cü ilin yanvarında saatın əqrəbləri rekord nişana çataraq, gecəyarısına (“Qiyamət günü”) 90 saniyə qalmasını göstərir. Halbuki bir neçə il əvvəl bu göstərici 100 saniyə idi.

 “Qiyamət günü saatı” amerikalılar tərəfindən Yaponiya şəhərlərinə ilk atom bombasının atılmasından iki il sonra, 1947-ci ildə Çikaqo Universitetinin “Nüvə alimlərinin bülleteni” jurnalının təqdim etdiyi layihədir. Əvvəlcə əsas diqqət nüvə silahı təhlükəsinə ayrılmışdı, lakin son onilliklər diqqət iqlim dəyişmələrinə də ayrılır. 2024-cü ildə tədqiqatçılar nüvə silahının tətbiqi, iqlim dəyişmələri, bioloji təhdidlər, süni intellekt və müharibələr kimi təhlükələri nəzərə alaraq dünyanın sonunadək olan vaxtı belə kritik həddə müəyyən ediblər.