Azərbaycanda Özbəkistan elm və mədəniyyət günləri çərçivəsində Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistan Elmlər Akademiyasının Mirzə Uluqbəy adına Astronomiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Uluqbəy adına Astronomiya İnstitutunun direktoru Şuhrat Ehgamberdiev imzalayıblar.

Mərasimdə çıxış edən Elçin Babayev qeyd edib ki, bu tərəfdaşlıq birgə elmi layihələrin hazırlanmasına, iki qurumun alimləri və tələbələri arasında təcrübə mübadiləsinə, eləcə də astronomiya sahəsində təhsil proqramlarının yaradılmasına töhfə verəcək.

Şuhrat Ehgamberdiev bildirib ki, astronomiya bizim üçün sadəcə, elm deyil: “Həm Nəsirəddin Tusi, həm də Mirzə Uluqbəy xalqlarımızın mənəviyyatının bir hissəsidir”.