Xəbər verdiyimiz kimi, tanınmış caz musiqiçisi, pianoçu, bəstəkar, Xalq artisti, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının bədii rəhbəri Salman Qəmbərov bu günlərdə “Bakustic Jazz” qrupu ilə Vyana və Brüsseldə konsertlər verib. O, qastrol təəssüratını AZƏRTAC-a müsahibəsində bölüşüb.
1996-cı ildə yaratdığı “Bakustiс Jazz” qrupu ilə dünyanın bir çox ölkələrində çıxış etdiyini deyən sənətkar diqqətə çatdırıb ki, qrupunun tərkibi layihələrdən asılı olaraq dəyişir. Budəfəki səfərə də trio iki heyətlə gedib: “Mən qrupu zarafatla “məhdudiyyətsiz məsuliyyətli açıq cəmiyyət” adlandırıram. Perkussiyalar (müxtəlif səsləndirmə imkanları olan zərb alətləri – red.) lazım olanda Tofiq Cabbarov, nağara lazım olanda Natiq Şirinov bizimlə çıxış edib. Müxtəlif müğənnilər, nəfəs alətlərində ifaçılar olub... Bu dəfə iki layihəm və iki triom vardı: mən və hər layihəyə iki musiqiçi. Fuad Cəfərov və Nicat Bayramovla caz musiqisini ifa etdik. “Lətif” layihəsində (1930-cu illərin səssiz Azərbaycan filminə Salman Qəmbərovun yazdığı saundtrek – red.) isə Xalq artisti, kamança ifaçısı Fəxrəddin Dadaşov, – bu layihəni onunla 2001-ci ildə başlamışam, – və nağaraçı Eyvaz Həşimov – o, ilk dəfə idi iştirak edirdi. Layihənin 23 yaşı var, biz onunla dünyanın yarısını gəzib-dolaşmışıq: Rusiyadan Argentinayadək...”.
Salman Qəmbərov deyir ki, Vyanada Avropanın ən yaxşı caz-klublarından olan “Porgy&Bess”də “Lətif”in saundtrekini ifa etdik: “Frau Mayer” klubunda isə solo proqramla etnocaz ifa etdim. “Bakustic” triosu ilə caz standartlarını da ifa etdik. Eyni proqramı Belçikada, Brüsseldə nümayiş etdirdik. “The Music Village” caz-klubunda çıxış etdik. Yeri gəlmişkən, Fikrət Əmirovun nəvəsinin həyat yoldaşı həmin caz-kluba rəhbərlik edir, o, belçikalıdır”.
Publikanın necə qarşılamasına gəlincə: “Artıq ifa zamanı hər şeyi hiss edirsən, stullar cırıldamır, çəngəl-qaşıq səs salmır, dikdabanların səsi gəlmir... Anlayırsan ki, səni dinləyirlər. Onlar buna görə pul ödəyirlər. Ora təsadüfi insanlar gəlmir. Mən anlayışlı tamaşaçı üçün ifa edəndə, özümü rahat hiss edirəm. Əlçatan olmağım üçün hansısa populist addımlar atmağı xoşlamıram. Ürəyim istədiyimi ifa edirəm, bunun əlçatan olub-olmaması isə hər kəsin fərdiliyindən asılıdır”.
Xalq artisti bildirir ki, indiyədək müxtəlif ölkələrdəki çıxışlardan bir neçəsi xüsusilə yaddaqalan olub. Onlardan biri 2012-ci ildə Parisdə, UNESCO-nun binasında, 30 aprelin Beynəlxalq Caz Günü elan edilməsi münasibətilə keçirilən konsertdir. Qeyd edək ki, bu əlamətdar gün UNESCO-nun sülhməramlı səfiri, dünyaca məşhur caz pianoçusu Hörbi Henkokun təşəbbüsü ilə təsis olunub: “Biz də bu bayrama dəvət olunmuşduq. Orada da iki layihəni təqdim etdik: həm “Lətif”i, həm də “Bakustiс Jazz”ın çıxışını. Mən bu günü xüsusilə xatırlayıram. Hörbi Henkok da tribunadan Azərbaycanı bu layihəni dəstəkləyən ölkə kimi vurğuladı. Bu, böyük fəxr idi ki, belə yüksək tribunadan caz ustadı, superulduz bu barədə deyir. Montrödəki (İsveçrə) caz festivalı da yaddaqalan olub. Çünki sənin arzuladığın festivala səni dəvət edəndə bu, yadda qalmaya bilməz. Montrödə çıxış etmək arzum yerinə yetdi. Avropanın caz klublarında çıxış etmək arzusu vardı, o da həyata keçdi...”.
Salman Qəmbərov “Azərbaycan, Bakı caz məktəbinin özəlliyi nədədir” sualına belə cavab verib: “Yəqin ki, unikallığı ondadır ki, bizdə başdan-başa pianoçulardır. Yaxşı nəfəs alətləri məktəbinin olmasını istərdim, kontrabasçalanın bir deyil, bir neçə nəfər olmasını istərdim. Bu, yəqin ki, “mənfi” işarəli unikallıqdır... Niyə belə olduğunu demək çətindir... Yoxsa toylar bizi qabaqlayır... Maliyyə baxımından caz musiqisi bu rəqabətə tab gətirmir. Əgər sən toy biznesinə qoşulursansa, onda heç. Çünki sənin beyinin həmişə tamamilə başqa musiqi ilə dolu olur. Zövq də korlanır, xüsusən də o, hələ səndə formalaşmayıbsa”.
Sənətkar deyir ki, bu gün azərbaycanlı cazmenlərin dünyaya çıxması üçün imkanlar çoxdur, amma bundan necə istifadə etmək başqa məsələdir: “Rafiq Babayev və Vaqif Mustafazadə nəslinin Bakıda caz klubu yox idi. Bizim nəsil caz klubunu yalnız 1997-ci ildə gördü. Rafiq Babayev və Vaqif Mustafazadənin dövründə (dünyaya çıxmaq üçün) “dəmir pərdə” vardı. Bizim dövrümüzdə bu pərdə yarıyadək açılmışdı, lakin harasa oxumağa getmək kimi imkanlarımız yox idi. Sonrakı nəsil təhsil almaq imkanına malikdir, bundan istifadə etmək lazımdır, özü də vicdanla. İstərdim bütün bunlar ciddi olsun. Bax, Elçin Şirinov ciddi musiqiçidir, müxtəlif caz layihələri hazırlayır və etnik musiqimizi də ifa edir. Lakin o, bunu populist kimi deyil, ciddi musiqiçi kimi edir. İstərdim ki, gənclərimiz ondan örnək götürsünlər. Bilsinlər ki, nəyi oxumaq, nəyi öyrənmək lazımdır. Cazı puldan çox sevmək lazımdır. Özünü cazda deyil, cazı özündə sevmək lazımdır. Özünü göstərmək lazım deyil...”.
Bu il 65 yaşı tamam olacaq (18 aprel) Salman Qəmbərov yubiley ilinin sənət planlarından da danışıb: “Aprelin 5-də İstanbulda necə deyərlər, yubileyöncəsi solo konserti verəcəyəm. Tədbir Camal Rəşid Rey konsert zalında olacaq. Mənim triom gedəcək, müğənni İlhamə Qasımova olacaq, yerli musiqiçilərdən götürəcəyəm, onlarla da əməkdaşlıq edirik. Sonra Almaniyada çıxışlar olacaq, avqustda pianoçu Florian Veberlə, sentyabrda – İsveçrə. Üstəgəl, Rəşid Behbudov teatrında gündəlik işim...”.