Azərbaycan

 

31 yanvar 1879 – Tanınmış satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879 – 3.1.1927) Bakının Əmircan kəndində doğulub. “Molla Nəsrəddin”, “Şeypur” və s. jurnallarda şeirləri dərc edilib. “Səfa” cəmiyyətinin yaradıcısı olub, cəmiyyətin nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib.

31 yanvar 1884 – Görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884 - 6.3.1955) Bakının Novxanı kəndində doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisidir, Cümhuriyyətin süqutundan sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib, jurnal və qəzetlər nəşr etdirib. “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və s. əsərlərin müəllifidir. Məzarı Ankaradadır.

31 yanvar 1903 – Əməkdar rəssam, tanınmış boyakar və qrafik Ələkbər Ələsgər oğlu Rzaquliyev (1903 – 31.1.1974) Bakıda anadan olub. “Köhnə Bakı” silsiləsi, “M.Ə.Sabir”, “Çaybecərənlər” və s. linoqravüraların müəllifidir. 30-40-cı illərdə repressiyaya məruz qalıb, həbs və sürgün edilib.

31 yanvar 1915 – Xalq artisti Vera Karlovna Şirye (1915 – 5.5.2003) Bakıda anadan olub. 1933-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub, “İstiqlal” ordeni (2000) ilə təltif olunub.

31 yanvar 1918 – Xalq artisti Konstantin Nikolayeviç Bataşov (1918–1991) Tiflisdə doğulub. Akademik Opera və Balet Teatrının balet artisti olub, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

31 yanvar 1924 – Əməkdar incəsənət xadimi, görkəmli şair Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924 – 26.2.1996) Bakıda doğulub. 1940-cı illərdə Cənubi Azərbaycanda azadlıq hərəkatının öncüllərindən olub.

31 yanvar 1963 – Azərbaycan teatr və kino sənətinin müqtədir aktyoru, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (26.3.1910 – 1963) vəfat edib. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib, Filmlərdə (“Fətəli xan”, “Böyük dayaq” və s.) unudulmaz obrazlar yaradıb.

31 yanvar 2008 – Prezident İlham Əliyev UNESCO-nun yubileylər proqramına (2008-2009) daxil edilmiş “Leyli və Məcnun” operasının, Xalq rəssamı Səttar Bəhlulzadənin, yazıçı Mir Cəlal Paşayevin, akademik Musa Əliyevin 100 illik yubileylərinin keçirilməsi, həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinin qeyd edilməsi haqqında sərəncamlar imzalayıb.

31 yanvar 2020 – Prezident İlham Əliyev Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

1 fevral 1935 – Yazıçı-publisist Nazim Sadiq oğlu İbrahimov (1935 – 1.9.2019) Bakıda doğulub. Poliqrafiya və Kitab Ticarəti Komitəsinin sədri, “Azərbaycan” nəşriyyatının baş direktoru işləyib. Yazıçılar Birliyinin sədr müavini olub.

1 fevral 1948 – Əməkdar artist Əli Fərman oğlu Allahverdiyev (1948 – 15.6.2010) Samux rayonunda doğulub. Gəncə Dövlət Dram Teatrının aktyoru olub.

1 fevral 2003 – Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” sərəncam imzalayıb.

1 fevral 2004 – Xalq artisti, rejissor, aktyor Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927 - 2004) vəfat edib. Televiziya tamaşalarına quruluş verib. “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.

1 fevral 2023 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tərlan Əşrəf oğlu Seyidov (19.1.1943 – 2023) vəfat edib. BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktoru olub.

2 fevral 1912 – Xalq artisti, rejissor, Dövlət mükafatı laureatı Məhərrəm Kazım oğlu Haşımov (1912 – 2.5.1969) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında, Rus Dram Teatrında baş rejissor işləyib. “Azərbaycanfilm” kinostudiyasının direktoru (1960-1965) olub.

2 fevral 1932 – Dilçi alim, akademik Ağamusa Ağası oğlu Axundov (1932 – 5.9.2015) Kürdəmirdə doğulub.

2 fevral 1936 – Əməkdar incəsənət xadimi, bəstəkar Rəşid Rza oğlu Məmmədov (1936–2006) Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalara musiqi yazıb.

2 fevral 1940 – Əməkdar memar Feyzulla Ağasəfər oğlu Quliyev (1940 – 7.8.2023) Salyan rayonunun Arbatan kəndində doğulub.

2 fevral 1942 – Əməkdar mədəniyyət işçisi, aşıq Yanvar Piralı oğlu Bədəlov (1942 – 27.12.2018) İsmayıllı rayonunun Tircan kəndində doğulub.

2 fevral 1955 – Əməkdar artist Muxtar Şahmar oğlu İbadov (1955 – 23.9.2013) Balakən rayonunda doğulub. Şəki Dram, Dövlət Gənclər teatrlarının aktyoru olub, filmlərə çəkilib.

2 fevral 1983 – Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (27.2.1901 – 1983) vəfat edib. “Qarlı dağlar”, “Anaqız”, “Ötən günlər” və s. kitabların müəllifidir.

 

3 fevral 1891 – İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891 – 22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Sonra mühacirətə gedib, Fransada yaşayıb və orada vəfat edib. Məzarı Parisdədir.

3 fevral 1951 – Əməkdar artist Həsənağa Hüseynəli oğlu Hüseynov (1951–2002) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub, teatrda truppa müdiri işləyib.

3 fevral 1959 – Əməkdar artist Mərdan Əhmədiyyə oğlu Feyzullayev (1959 – 13.8.2017) Şəki rayonunun Kiş kəndində doğulub. Şəki Dram Teatrının baş rejissoru olub. 1994-cü ildən Moskvada yaşayıb, özünün yaratdığı “Dərviş” teatrında Azərbaycan müəlliflərinin əsərlərini tamaşaya qoyub.

3 fevral 1962 – Xalq artisti, aktyor, rejissor Səməd Məmməd oğlu Mövləvi (20.2.1900 – 1962) vəfat edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

3 fevral 1990 – Görkəmli aktyor Hamlet Xanızadə (5.6.1941 – 1990) vəfat edib. Kinoda, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.

3 fevral 2014 – Prezident İlham Əliyev böyük şair və maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubileyi haqqında sərəncam imzalayıb.

3 fevral 2022 – Əməkdar mədəniyyət işçisi, kino və televiziya operatoru Nəriman Səttar oğlu Şıxəliyev (14.10.1934 – 2022) vəfat edib.

 

Dünya

 

31 yanvar 1797 – Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert; 1797-1828) anadan olub. “Alfonso və Estrella” operası, simfoniya, mahnı və romansların müəllifidir.

31 yanvar 1921 – Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza – əsl adı Alfredo Arnoldo Cocozza; 1921-1959) anadan olub.

31 yanvar 1924 – Gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924–1994) anadan olub. Filmləri: “Mən, nənəm, İliko və İllarion”, “Arzu ağacı”, “Tövbə” və s.

31 yanvar 1935 – Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1994) Kendzaburo Oe (1935 – 13.3.2023) anadan olub. Əsərləri: “Şəxsi təcrübə”, “Müasirlərin oyunu”, “Həyatın qohumları”, “İkiyüzyaşlı uşaq” və s.

31 yanvar 1937 – Litva aktyoru, SSRİ Xalq artisti Reqimantas Adomaytis (Regimantas Adomaitis; 1937 – 20.6.2022) anadan olub. Filmləri: “Bu şirin söz – azadlıq”, “Həyat gözəldir”, “İlğım” və s.

 

1 fevral 1895 – Amerika kinorejissoru Con Ford (John Ford – John Martin Feeney; 1895-1973) anadan olub. 4 dəfə “Oskar” mükafatına layiq görülüb.

1 fevral 1999 – Məşhur türk musiqiçisi, bəstəkar Barış Manço (2.1.1943 – 1999) vəfat edib. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.

 

2 fevral 1595 – Niderland rəssamı, klassisizmin tanınmış nümayəndəsi Yakob van Kampen (Jacob van Campen; 1595-1657) anadan olub.

2 fevral 1873 – Avstriya bəstəkarı Leo Fall (1873-1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.

2 fevral 1882 – İrland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882-1941) anadan olub.

 

3 fevral 1809 – Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809 – 4.11.1847) anadan olub. “Toy” marşının müəllifidir.

3 fevral 1881 – Rus kinematoqrafının banilərindən biri, rejissor Yakov Akeksandroviç Protazonov (1881-1945) anadan olub.

Hazırladı: V.Orxan