Yaxın illərdə öz kosmik gəmimizin istehsalına başlayacağıq. Prezident Rəcəb Tayyib Ərdoğan bunu gənclərlə görüşdə deyib.
“İlk astronavtımızı kosmosa göndərmək yeni nəsil hazırlamaq üçün ilk addımımız idi. Ümid edirəm ki, raketimizi kosmosda görəcəyik. İnşallah, yaxın illərdə öz kosmik gəmimizin istehsalına başlayacağıq”, – deyə Ərdoğan bildirib.
Xatırladaq ki, ilk türk astronavt Alper Gezeravcı yanvarın 19-da “SpaceX” şirkətinin “Dragon” kosmik gəmisində kosmosa yola salınıb. “Ax-3” heyəti tərkibində Beynəlxalq Kosmik Stansiyada olan Gezeravcının ikihəftəlik səyahətdən sonra fevralın 2-də Yerə qayıdacağı gözlənilir.
Ərdoğan Türkiyənin ikinci təyyarədaşıyıcı hərbi gəmisinin inşası planlarını da açıqlayıb: “Biz 2002-ci ildə hakimiyyətə gələndə Türkiyənin özünün müdafiə sənayesindəki payı cəmi 20 faiz idi. İndi 80 faiz təchizat səviyyəsinə çatmışıq və bunu 100 faizə çatdırmaq niyyətindəyik. Əgər hərbi cəhətdən zəifsənsə, tərk edilmişsən. İndi biz ikinci təyyarədaşıyan gəmimizi öz tərsanəmizdə tikəcəyik”.