İndoneziya Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə yanvarın 27-də Şəki Dövlət Dram Teatrında bu ölkənin musiqi və rəqs kollektivlərinin ifasında konsert proqramı təqdim olunub.

Teatrın foyesində İndoneziyanın mədəniyyətini və turizm potensialını tanıdan sərgi də təşkil edilib.

İndoneziyanın ölkəmizdəki səfiri Hildi Hamid sərginin və konsertin təşkilinə göstərdiyi dəstəyə və qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, İndoneziya səfirliyi tərəfindən həyata keçirilən proqram xalqlarımız arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin daha da genişləndirilməsi məqsədi daşıyır.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanla İndoneziya arasında dostluq və mədəni əlaqələrin uğurla davam etdirildiyini vurğulayıb, dost ölkənin musiqi və rəqs kollektivlərini bu ilin yayında Şəkidə keçiriləcək ənənəvi “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında iştiraka dəvət edib.

Konsertdə indoneziyalı incəsənət ustalarının təqdim etdikləri milli rəqslər və musiqi nömrələri şəkili musiqisevərlər tərəfindən maraqla qarşılanıb.