Xəbər verildiyi kim, Türkiyənin milli təhsil naziri Yusuf Tekin 30-31 yanvar tarixlərində  Azərbaycana səfər edib.

Səfər ərəfəsində “Mədəniyyət” qəzetinə açıqlama verən nazir qardaş ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələri yüksək dəyərləndirib: “Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” prinsipi ilə, çiyin-çiyinə, bənzərinə çox az rast gəlinən əlaqələrlə ikitərəfli əməkdaşlığı inkişaf etdirir. Ölkələrimizin təhsil nazirlikləri də gələcək nəsillərin sağlam təməllərə əsaslanaraq yetişdirilməsinə məsul olan rəsmi qurumlardır. Əsas vəzifələrimizdən biri də iki qardaş ölkənin birliyini, həmrəyliyini gələcək nəsillərə yüksək şəkildə çatdırmaqdır”.

Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əlaqələrin inkişafına toxunan Yusuf Tekin bildirib ki, Bakı ilə müvafiq əlaqələrimiz Azərbaycandakı təhsil müşavirliyimiz vasitəsilə mütəmadi diqqətimizdədir: “Bakıda nazirliyimizə tabe olan uşaq bağçası, ibtidai sinif, orta məktəb və liseydə üç minə yaxın şagird təhsilini davam etdirir. Milli Təhsil Nazirliyi tərəfindən göndərilən 100-ə yaxın müəllim türk məktəblərində çalışır. Bundan əlavə, həmin təhsil müəssisələrinə köməkçi müəllimlər də təhkim olunub. Azərbaycan və Türkiyə təhsil nazirliklərinin dəstəyi ilə həyata keçirilən “Qardaş məktəb” beynəlxalq layihəsinin təcrübəsi çərçivəsində iki ölkənin 30 məktəbi arasında qardaşlıq əlaqələri qurulub. Bu məktəblər əməkdaşlıq, təcrübə mübadiləsi və mədəniyyətlərimizin təbliği baxımından mühüm rol oynayır. Məsələn, Beynəlxalq Anadolu İmam Hatip liseylərimizdə 27 azərbaycanlı şagird ödənişsiz təhsil alır”.

Nazir onu da qeyd edib ki, hazırda Türkiyənin ali təhsil müəssisələrində 604-ü bu ölkənin təqaüdünü alan 35 minə yaxın azərbaycanlı tələbə təhsilini davam etdirir. Azərbaycanda isə 7 tələbəmiz doktorantura təhsili alır: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ötən ilin iyun ayında Bakıya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində Türkiyə ilə Azərbaycan arasında birgə universitetin yaradılması da gündəmdə idi. Bununla hər iki ölkədən olan gənclərimiz həm Türkiyədə, həm də Azərbaycanda təhsil almaq imkanı əldə edəcəklər”.

Yusuf Tekinin sözlərinə görə, Ankara, Adana, Qaziantep, İğdır, İzmir, Qars vilayətlərində Ulu öndər Heydər Əliyevin adını daşıyan orta məktəblər fəaliyyət göstərir: “Türkiyə, xüsusilə, son iyirmi ildə təhsil sahəsində böyük dəyişikliklərə nail olub. Biz bu təcrübəni qardaş Azərbaycanla bölüşməkdən çox məmnunuq. İnanıram ki, biz bunu daha geniş çərçivədə davam etdirəcəyik”.

Mehparə Sultanova
Ankara