Qazaxıstanda çap edilən kitabın təqdimatı keçirilib

 

Dünya Axıska Türkləri Birliyi (DATÜB), Qazaxıstanda yaşayan azərbaycanlıların Ata Yurd-Nomand Respublika Birliyi və Azərbaycan Respublikası Axıska Türklərinin “Vətən” İctimai Birliyinin dəstəyi ilə “Heydər Əliyev – 100” kitabı çap olunub.

Yanvarın 29-da Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanda çap olunmuş kitabın təqdimat mərasimi keçirilib.

Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub. Daha sonra qonaqlar Qazaxıstanın Almatı şəhərində yaşayan Axıska türkləri ilə bağlı videoçarxı izləyiblər.

Xalq artisti Rasim Balayev çıxış edərək Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Ulu öndərin mədəniyyətə, mədəni irsə və Azərbaycanda yaşayan azsaylı xalqlara diqqətindən söz açıb.

Təqdimat mərasimində DATÜB-ün rəhbəri Ziyəddin Kassanov, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, AMEA-nın müxbir üzvü Misir Mərdanov və digər qonaqlar çıxış ediblər.

Diqqətə çatdırılıb ki, Axıska türklərini Azərbaycan xalqı ilə ümumi etnik, tarixi köklər və coğrafi məkana mənsubluq qırılmaz tellərlə birləşdirir. Buna görə də ilk dəfə Axıska türklərinə qucaq açan Azərbaycan olub.

Z.Kassanov deyib ki, Heydər Əliyevin rəhbərliyi dövründə Axıska türklərinə diqqət və qayğı daha da artıb. Ulu öndərin göstərişi ilə Axıska türkü olan gənclərin Azərbaycanda ali təhsil alması üçün müsabiqədənkənar qəbul həyata keçirilib. Bunun nəticəsidir ki, bu gün dünyanın doqquz ölkəsinə yayılmış Axıska türklərinin əsas ali təhsilli hissəsi Azərbaycanda yaşayıb fəaliyyət göstərir.

Qeyd edək ki, Qazaxıstanda yaşayan Axıska türkləri tərəfindən yazılan “Heydər Əliyev – 100” kitabında Ulu öndərin həyat və fəaliyyəti öz əksini tapıb.

Lalə