Xalq artisti Rəfiqə Axundova vəfat edib

 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Milli balet sənətinin əfsanəsi, görkəmli rəqqasə, baletmeyster, Xalq artisti Rəfiqə Axundova 6 fevral 2024-cü il tarixində, ömrünün 93-cü ilində vəfat edib.

Rəfiqə Hacı qızı Axundova 7 avqust 1931-ci ildə Bakıda anadan olub. Rəqsə olan marağı onu Bakı Xoreoqrafiya Məktəbinə gətirib. O, buradakı təhsili ilə kifayətlənməyərək məktəbi bitirən kimi Moskvada Böyük Teatrda təkmilləşmə kursu keçib. 1951-ci ildən ömrünü və yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayan Rəfiqə Axundova 20 il burada solist kimi çalışıb. Sonra uzun müddət həmin teatrın baletmeysteri, 1990-cı ildə isə baş baletmeysteri olub.

Sənətkar teatrın solisti kimi dünya və Azərbaycan balet sənətinin bir çox nümunələrində mürəkkəb partiyaları ifa edərək geniş tamaşaçı rəğbəti qazanıb. “Qız qalası” (Ə.Bədəlbəyli), “Yeddi gözəl”, “İldırımlı yollarla” (Q.Qarayev), “Gülşən” (S.Hacıbəyov), “Məhəbbət əfsanəsi” (A.Məlikov), “Baxçasaray fontanı” (B.Asafyev), “Jizel” (A.Adan) və s. baletlərdə əsas partiyaların mahir ifaçısı olub. Görkəmli bəstəkar Qara Qarayevin baletlərində Rəfiqə Axundovanın özünəməxsus ustalıq və məharətlə yaratdığı obrazlar o qədər fərqli və təsiredici olub ki, hətta bəzən həyatda ona səhnədə yaratdığı obrazların adı ilə xitab edirmişlər.

Rəfiqə Axundova həm də yaradıcı baletmeyster olub. O, həyat yoldaşı, görkəmli balet artisti, baletmeyster, Xalq artisti Maqsud Məmmədovla birlikdə Opera və Balet Teatrında “Xəzər balladası” (T.Bakıxanov), “Qobustan kölgələri” (F.Qarayev), “Yallı”, “Azərbaycan süitası” (R.Hacıyev), “Babək” (A.Əlizadə), “Şelkunçik” (P.Çaykovski), 1975–1978-ci illərdə Qara Qarayevin “İldırımlı yollarla” və “Yeddi gözəl” baletlərinə də quruluş verib.

Rəfiqə Axundova uzun müddət Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib. Ötən əsrin 70-ci illərində Rəfiqə Axundovanın xoş sorağı dünyanın möhtəşəm balet səhnələrindən gəlirdi. O, Novosibirskdə (Rusiya) “İldırımlı yollarla” baletinin quruluşunu vermiş, həmçinin Maqsud Məmmədovla birgə Qahirədə (Misir) və Ankarada (Türkiyə) “Yeddi gözəl”, Antverpendə (Belçika) “Kaleydoskop” (F.Qarayev) baletlərini tamaşaya qoymuşdu.

Rəfiqə Axundova ustad xoreoqraf kimi milli kinomuzun tarixinə də öz imzasını atıb. “Dədə Qorqud”, “Qərib cinlər diyarında”, “Qayınana”, “Bəyin oğurlanması” və s. filmlərdə onun quruluş verdiyi özünəməxsus, şux rəqslər yaddaqalandır.

Azərbaycan balet sənətinin və milli xoreoqrafiyanın inkişafındakı xidmətləri yüksək qiymətləndirilən Rəfiqə Axundova 1958-ci ildə “Əməkdar artist”, 1970-ci ildə “Xalq artisti” fəxri adlarına, eləcə də “Şərəf nişanı” ordeni (1959) və müstəqil Azərbaycanın “Şöhrət” ordeninə (2021) layiq görülüb. 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Görkəmli sənətkarın əziz xatirəsi Azərbaycanın mədəniyyət və incəsənət tarixində, onun tanıyanların, sənətsevərlərin qəlbində yaşayacaq.

Mədəniyyət Nazirliyinin kollektivi Rəfiqə Axundovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

***

Rəfiqə Axundova fevralın 6-da İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Xalq artistinin məzarı önünə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın adından, eləcə də Mədəniyyət Nazirliyi, Akademik Opera və Balet Teatrı, Bakı Xoreoqrafiya Akademiyası adından əklillər qoyulub.