Rumıniya təmsilçisi “Avroviziya – 2024” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcək. Bu barədə “Avroviziya”nın ölkədəki rəsmi yayımçısı TVR məlumat yayıb.
Televiziya şirkətinin direktorlar şurası maliyyə çətinlikləri və Rumıniyanın digər ölkələrlə rəqabət aparmaq üçün lazımi səviyyəsində təmsil oluna bilməməsi səbəbindən müsabiqədən çıxmaq barədə qərar qəbul edib.
Yayım şirkəti “Avroviziya” üçün nəzərdə tutulan vəsaiti bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının və digər prioritet layihələrin yayımı üçün ayıracaq.
Qeyd edək ki, “Avroviziya – 2024” may ayında ötənilki müsabiqənin qalib ölkəsi – İsveçin Malmö şəhərində keçiriləcək. Son illər müxtəlif səbəblərdən Macarıstan, Türkiyə, Bolqarıstan, Monteneqro, Slovakiya, Bosniya və Herseqovina və Şimali Makedoniya “Avroviziya”da iştirakdan imtina ediblər. Rusiya isə 2022-ci ildə Ukraynaya qarşı başladığı müharibə səbəbindən Avropa Yayım Şurası tərəfindən müsabiqədən kənarlaşdırılıb.