Bir il əvvəl, fevralın 6-da səhər saatlarında yaşadığımız Kahramanmaraş mərkəzli zəlzələdə itirdiyimiz canların acısı ilk gün kimi ürəyimizi yandırmağa davam edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri fevralın 3-də Hatayda ötənilki zəlzələdən zərərçəkənlərin bir qrupuna mənzil açarlarının təslim mərasimində çıxış edərkən deyib.
Ölkə başçısı bildirib ki, zəlzələ 11 vilayət, 124 rayon, 7 minə yaxın kənd və məhəllədə ağır dağıntılara səbəb olub və 14 milyon vətəndaş təbii fəlakətdən zərər çəkib.
Hatayda ilk mərhələdə təxminən 7500 mənzil sahiblərinə verilib. Prezident bildirib ki, yaxın 2 ay ərzində zəlzələ bölgəsində 75 min mənzilin təhvili tamamlanacaq: “Məqsədimiz növbəti dövrdə hər ay 15-20 min mənzil təhvil verməkdir. Beləliklə, ilin sonuna kimi 200 min mənzili təhvil vermiş olacağıq”.
Fevralın 6-da Ərdoğan zəlzələnin episentri olmuş Kahramanmaraş şəhərinə gedib. Prezident görülən işlərlə tanış olub, tikintisi başa çatan yaşayış binalarının təhvil verilməsi mərasimində iştirak edib.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində Pazarcık rayonunda olan 7,7 bal və Elbistan rayonunda olan 7,6 bal gücündə iki zəlzələ nəticəsində ümumilikdə 11 vilayətdə 50 mindən çox insan həlak olmuşdu.
Türkiyədə 6 fevral zəlzələlərinin baş verdiyi bölgələrdə dağılan binalarla bağlı aparılan araşdırmalarda 2825 şübhəli haqqında cinayət işi başlanılıb. Bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib. Onun sözlərinə görə, həmin şəxslərdən 267-si barədə həbs qətimkan tədbiri seçilib.