Olaylar, faktlar (4 – 7 fevral)

 

119 il əvvəl...

 

6 fevral 1905-ci ildə Bakıda erməni daşnak qüvvələrinin müsəlman (türk) əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək sürdü.

 

79 il əvvəl...

 

4 fevral 1945-ci ildə SSRİ (İosif Stalin), ABŞ (Franklin Ruzvelt) və Britaniya (Uinston Çörçill) liderlərinin Krım (Yalta) konfransı işə başlayıb. Fevralın 11-dək davam edən konfransda II Dünya müharibəsinin gözlənilən yekunları müzakirə edilib. Almaniyanın kapitulyasiyasından sonra ölkənin 4 zonaya (4-cü Fransanın zonası oldu) ayrılması, SSRİ-nin Yaponiyaya qarşı müharibəyə başlaması və Koreya yarımadasının 38-ci paralel üzrə bölünməsi razılaşdırılıb. Şimali Koreya SSRİ-nin, Cənubi Koreya ABŞ-nin nəzarətinə keçməli idi.

 

76 il əvvəl...

 

4 fevral 1948-ci ildə Britaniyanın müstəmləkəsi olan Seylon adası müstəqilliyini elan edib. 1972-ci ildən Şri-Lanka Respublikası adlanır.

 

70 il əvvəl...

 

4 fevral 1954-cü ildə Azərbaycanda ən iri su elektrik stansiyası – Kür çayı üzərində Mingəçevir SES istifadəyə verilib. İnşası 1945-ci ildə başlanan Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiyanın işə salınması ilə respublikanın yeni sənaye mərkəzinin – Mingəçevir şəhərinin təməli qoyulub.

 

62 il əvvəl...

 

5 fevral 1962-ci ildə Fransa keçmiş müstəmləkəsi Əlcəzairin müstəqilliyini tanıyıb.  Əlcəzair xalqı müstəqillik uğrunda 6 il sürən müharibədən sonra buna nail olmuşdu.  Prezident Şarl de Qollun qərarı Fransanın əksər qüvvələrində ciddi etiraz doğurub.

 

39 il əvvəl...

 

4 fevral 1985-ci ildə BMT-nin işgəncələrin qadağan olunması haqqında konvensiyası qüvvəyə minib. 4 fevral dünyada “İşgəncələr əleyhinə gün” kimi qeyd olunur.

 

33 il əvvəl...

 

5 fevral 1991-ci ildə 12-ci çağırış Ali Sovetin ilk iclasında Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul olunub. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilib. Bundan öncə, 1990-cı ilin 17 noyabrında üçrəngli bayraq Naxçıvan Ali Məclisində qəbul olunmuşdu.

***

7 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti Şaumyan (kənd) rayonunun ləğv edilməsi və bəzi rayonların tarixi adları ilə bağlı qərarlar qəbul edib. Ləğv edilən Şaumyan (kənd) rayonunun ərazisi Goranboy rayonuna birləşdirilib. Mirbəşir rayonu Tərtər, Qutqaşen rayonu Qəbələ, Vartaşen rayonu Oğuz, Puşkin rayonu Biləsuvar adlandırılıb.

 

19 il əvvəl...

 

7 fevral 2005-ci ildə Prezident İlham Əliyev milli valyutanın – manatın denominasiyası haqqında fərman imzalayıb. 2006-cı il yanvarın 1-dən dövriyyəyə yeni əsginaslar (1 yeni manat (AZN) – 5000 köhnə manat nisbətində) buraxıldı. 1992-ci ildən dövriyyədə olan köhnə manatlar 2006-cı il dekabrın 31-də tədavüldən çıxarıldı.

Hazırladı: V.Orxan