Xəbər verdiyimiz kimi, 1-3 fevral tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gəncləri Gününə (2 fevral) həsr olunmuş 10-cu “Gəncliyin səsi” festivalı keçirilib. Festivalın məqsədi gənclərin yaradıcı sahəyə marağının artırılması, onların istedadının üzə çıxarılmasıdır.

Festival çərçivəsində Gəncədə “Gəncənin gəncləri” layihəsi təqdim olunub. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Urban Mərkəzində gerçəkləşən tədbir zamanı şəhərdə fəaliyyət göstərən gənc rəssam və heykəltaraşların əsərləri, digər əl işləri, fotoqrafların çəkdikləri şəkillər maraqla qarşılanıb.

Sərgi konsert proqramı ilə davam edib. Sonda fəal gənclərə fəxri fərmanlar təqdim olunub.

***

“Gəncliyin səsi” festivalı çərçivəsində Gəncə Dövlət Kukla Teatrı Əhməd Orucoğlunun “Zınqrovlu pişik” tamaşasını nümayiş etdirib.

Tamaşadan öncə teatrın foyesində Uşaq incəsənət məktəbi şagirdlərinin əl işləri nümayiş olunub. Gənclər Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Daha sonra tamaşa təqdim olunub. Səhnə işi alqışlarla qarşılanıb. Uşaqlar teatrın kuklalar hazırlanan emalatxanasında da olub, kuklanın hazırlanmasını izləyiblər.

***

Qax Dövlət Kukla Teatrında isə festival çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri (“Yeddi gözəl” poemasından) əsasında hazırlanmış tamaşa təqdim edilib.

Tamaşaçılar əvvəlcə teatrın foyesində yaradıcı gənclərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə fəal iştirak edən gənc rəssamlara fəxri fərmanlar təqdim olunub.

Sonra səhnə əsəri nümayiş olunub. Rejissor Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada Xeyir obrazını İlmar Abdullayev, Şəri isə Araz Mehrablı canlandırıb. Tamaşanın rəssamı Mayis Abdullayevdir.

***

Salyan Dövlət Kukla Teatrı da gənclərin bayramına öz töhfəsini verib. Teatrın foyesində Salyan Dövlət Rəsm Qalereyasının yeniyetmə və gənc dərnək üzvlərinin rəsm sərgisi açılıb. Sərgi ilə tanışlıqdan sonda Salyan Dövlət Kukla Teatrının “Tülkü həccə gedir” tamaşası oynanılıb.