Fevralın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə dünyaşöhrətli bəstəkar Qara Qarayevin anadan olmasının 106-cı ildönümü onun Bakıdakı ev-muzeyində qeyd edildi.
Tədbirdə Xalq artistləri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və başqa tanınmış mədəniyyət xadimləri iştirak edirdilər.
Məlumat verildi ki, xatirə tədbirindən öncə unudulmaz sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözündə dahi bəstəkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışdı. Vurğuladı ki, Qara Qarayev Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi nadir istedadlardan biridir. O hələ sağlığında dünyada Azərbaycan musiqi sənətinin əfsanəvi şəxsiyyəti kimi tanınıb.
Bəstəkarın qızı Züleyxa Bağırova-Qarayeva tədbirin iştirakçılarına təşəkkür etdi: “Atamın sağlığında bu tarixi həmişə dostların, qohumların, atamın sevimli tələbələrinin əhatəsində qeyd edərdik. İllər keçsə də, yenə də sevənləri bir araya gəlib onu yad edirlər. Bu sevgiyə görə hər kəsə minnətdaram”.
Sonra Q.Qarayevin “Vyetnam süitası”nın (1954) Hanoy şəhərində Vyetnam Milli Simfonik Orkestri və Hanoy Filarmonik Orkestrinin ifasında lentə alınmış videogörüntüləri nümayiş olundu.
Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova, Əməkdar incəsənət xadimi, BMA-nın professoru Zümrüd Dadaşzadə çıxış etdilər. Diqqətə çatdırıldı ki, Qara Qarayevin yaradıcılığı musiqinin bütün janrlarını əhatə edir. Əsərləri dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olub. Bəstəkarın 70 il öncə yazdığı “Vyetnam süitası” da belə nümunələrdən biridir.
Xalq artisti, professor Ülviyyə Hacıbəyovanın fortepianoda müşayiəti ilə BMA-nın tələbələri S.Aslanova, Z.Davudova, M.İsrafilova, E.Qafarova, A.Mehdiyeva, S.Tağızadə bəstəkarın Ömər Xəyyamın sözlərinə yazıldığı “6 rübai” (səs və fortepiano üçün), Akademik Opera və Balet Teatrının solisti Taleh Yəhyayev isə Azərbaycan Milli Konservatoriyasının fortepiano müəllimi Nigar Hüseynzadənin müşayiəti ilə “Vətən” operasından Mərdanın ariyasını ifa etdilər.
S.Fərəcov