Tarixi Zəfərdən sonra ölkəmizin bütün ərazisini əhatə edən seçki keçirilir

 

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Azərbaycanın müstəqillik tarixində bu seçkilər ilk dəfə ölkənin bütün ərazisində – 2020-ci ilin Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş, eləcə də 2023-cü ilin 19-20 sentyabrındakı lokal antiterror əməliyyatı zamanı dövlət suverenliyimizin bərpa olunduğu şəhər və rayonlarda da keçiriləcək.

Ümumiyyətlə, indiyədək respublikamızın bütün ərazisini əhatə edən seçki prosesi sonuncu dəfə sovet dövründə – 1985-ci ildə 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər olub. 1988-ci ildə Azərbaycanın keçmiş Dağlıq Qarabağ bölgəsində erməni separatizmi baş qaldırandan, 1992-93-cü illərdə Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonumuz Ermənistan tərəfindən işğal olunandan sonra ümumilikdə ölkəmizin beşdə biri seçkilərdən kənarda qalmışdı. Beləliklə, müstəqillik tariximizin ən şanlı səhifəsi olan Zəfərdən sonra ilk seçki ərazisi və sərhədləri bütöv Azərbaycanı əhatə edir.

Onu da qeyd edək ki, 7 fevral növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikasında bu qəbildən sayca 9-cu seçkidir. Bundan öncə prezident seçkiləri (o cümlədən növbədənkənar) 1991, 1992, 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilib.

7 fevral 2024-cü il tarixinə Azərbaycan Respublikasında qeydə alınmış seçici sayı 6 milyon 478 min 623 nəfərdir. Bu barədə fevralın 6-da Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən mətbuat konfransında məlumat verilib.

Səsvermə ümumilikdə 6537 seçki məntəqəsində (125 seçki dairəsi üzrə) keçiriləcək. Həmçinin 37 xarici ölkədəki səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici qeydə alınıb. İşğaldan azad edilmiş ərazilərimizdə isə 26 seçki məntəqəsi yaradılıb.

MSK sədri Məzahir Pənahov onu da bildirib ki, seçkiləri 90 372 müşahidəçi izləyəcək. Onlardan 89 366-sı yerli, 790-nı isə beynəlxalq müşahidəçidir.

Növbədənkənar prezident seçkilərinə xarici medianın da marağı böyükdür. 109 beynəlxalq media qurumundan 216 jurnalist akkreditasiyadan keçib.

Həmçinin seçki günü proseslərin əvvəldən axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi məqsədilə 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Xatırladaq ki, növbədənkənar prezident seçkilərində yeddi namizəd var: hazırkı dövlət başçısı və Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu seçkilər respublikanın həyatında yeni mərhələnin başlanğıcı olmalıdır. Zəfər ruhlu ilk seçkimiz ölkəmiz və xalqımız üçün xeyirli və uğurlu olsun!...