“Biz seçimimizi çoxdan etmişik, bu gün onu təsdiq etdik”

 

Yüksək seçici qatılımı ilə müşayiət olunan 7 fevral növbədənkənar prezident seçkilərində mədəniyyət, incəsənət xadimləri də fəal iştirak ediblər. Müxtəlif ölkələrdə yaradıcılıq fəaliyyəti göstərən azərbaycanlı sənətçilər də müstəqilik tariximizin ən əlamətdar seçkisi ilə bağlı təəssüratını bölüşüblər.

“Prezident seçkiləri yüksək səviyyədə və demokratik keçirilir. Mən müşahidə etdim ki, Azərbaycan xalqı bir daha həmrəylik göstərir” – bu sözləri Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə söyləyib.

“Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri səsvermədə iştirak edir. Xalqımızın seçkilərdə ruh yüksəkliyi ilə iştirakı əsas amildir. Təkcə Azərbaycanda yox, vətənimizdən kənarda yaşayan həmyerlilərimiz də seçkilərdə fəal iştirak edirlər”, – deyə o bildirib.

“Torpaqlarımız mənfur düşmənin işğalından azad olunub. Fəxr edirik ki, həmvətənlərimiz işğaldan azad olunan ərazilərimizdə də səs verirlər” – bunu isə Xalq artisti, tarzən Ramiz Quliyev deyib.

“60 ilə yaxındır ki, seçkilərdə iştirak edirəm. Həyatımda ilk dəfədir ki, seçki məntəqəsində belə növbə görürəm. Bu o deməkdir ki, seçkilər xalq tərəfindən böyük coşqu ilə qarşılanır” – Xalq şairi Vahid Əziz təəssüratını belə ifadə edib.

“30 ildən sonra ilk dəfə bütöv Azərbaycan səs verir. Səhər efirdə görəndə ki, Xankəndidə, Şuşada səsvermə başlayıb gözlərim doldu. Hər bir azərbaycanlı üçün bundan böyük xoşbəxtlik yoxdur”, – deyə o əlavə edib.

***

Bu gün bir azərbaycanlı olaraq hamımız çox sevincliyik. Çünki ölkəmizdə prezident seçkiləri keçirilir. Biz Azərbaycanda olmasaq da, ikinci Vətənimiz olan qardaş Türkiyədə yaşayırıq. Vətənimizdə baş verən bütün hadisələrlə yaxından maraqlanırıq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova ifadə edib.

İstanbulda təşkil edilən məntəqədə səs verən sənətçi deyib: “Bizim üçün bu gün olduqca əlamətdardır. Biz bu gün burada bir “dəmir yumruq” ətrafında birləşmişik. Azərbaycan uğurlu daxili və xarici siyasəti, yüksək diplomatik fəaliyyəti ilə 44 günlük Vətən müharibəsindən qalib ölkə olaraq ayrıldı. Bu, Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident demək müstəqil Azərbaycan Respublikası, güclü Ordu, xoşbəxt xalq deməkdir”.

***

“Bu gün Azərbaycan xalqı üçün əsl bayramdır” – bu sözləri Azərbaycanın Xalq artisti, Rusiya Böyük Teatrının solisti Elçin Əzizov jurnalistlərə müsahibəsində söyləyib (APA).

“Artıq bir neçə ildir mən Azərbaycanda keçirilən seçkilərdə Vətəndən kənarda iştirak edirəm. Bu gün bütün Azərbaycan xalqı üçün əsl bayramdır. Çünki prezident seçkiləri həm də azad olunmuş torpaqlarımızda keçirilir. Biz öz seçimimizi çoxdan etmişik. Bu gün isə bu seçimi təsdiq etdik”, – deyə o bildirib.

“Əminəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı öz prezidentinə səs verəcək” – bunu isə Rusiya Böyük Teatrının daha bir azərbaycanlı solisti, Xalq artisti Dinara Əliyeva deyib.

“Bu gün əlamətdar gündür və mən çox şadam ki, bir Azərbaycan vətəndaşı kimi Moskvada olarkən öz səsimi verə bildim. Vətənim Azərbaycana rifah arzu edirəm və hər kəsin düzgün seçim edəcəyinə ümid edirəm”, – deyə opera müğənnisi qeyd edib.